Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azadlığını... cəzalandıran adam
Azadlığını... cəzalandıran adam

Nə adını çəkəcəm, nə atasının adını. Təkcə ona görə yox ki, adam artıq bu dünyada yoxdur. Ölüb. Daha doğrusu, atışmada öldürülüb. Həm də ona görə ki, adamın adı, soyadı, atasının adı xüsusi bir şey demir. Nə çoxdur A., nə çoxdur Z.

Hələ soyadı Məmmədov olanları demirəm. Amma bu adlar bir anda məşhur oldu. Sözün, kriminal mənasında.

Həmin bu A. Bakı ətrafındakı bir qəsəbədə narkopriton saxlayırdı. Təbii ki, polis xəbər tutana qədər. Rahatca millətin balalarını zəhərləyib, pul "qırırdı". Qəsəbədə. Hamınn bir-birini az qala adı ilə tanıdığı yığcam bir yerdə. Heç kim də irəli durub, "dayan" deməmişdi. Axır bir gün polis əməliyyatı ilə bu narkopritona son verildi. A. isə müqavimət göstərdi: polisə atəş açdı. Nəticə: polis dili ilə desək, zərərsizləşdirildi.

Burda diqqəti cəlb edən bir nüans da var: adam dəfələrlə həbsxana həyatı yaşayıb. Bir dəfə deyil, birinci dəfə deyil ki, cinayət törədir. Bu da növbəti cinayət idi. Axırında belə bir son! Heç kimə arzulamadığımız final! Allah ölümü də ölüm kimi versin! Nə deyim?!

Dediyim kimi, adam dəfələrlə cinayət törədib, həbsə düşüb. Kriminal "leksikon"la desək, "yatıb, çıxıb". Bu qədər "yatan" adam "içəri"dən hər dəfə bir az daha çox korlanıb çıxıb. Hər dəfə adamın içindən yeni bir cani çıxırmış.

...Sovet dövründə türməyə "islah-əmək koloniyası" deyirdilər. Adamları əməklə islah etməyə çalışırdılar. "Altıncı kalon", məsələn, mebel fabriki idi. "Uşaq koloniyası" məktəb idi, böyüklərin koloniyası fabrik, zavod, daş karxanası... Qadın koloniyası - toxuculuq, tikiş sexləri.

Dövlət deyirdi, bəlkə məhkumlar işləyib, "ağıllanarlar". Amma "ağıllanmayanlar" da az deyildi. İndi isə daha zəhmli ad qoymuşuq türməyə - cəzaçəkmə müəssisəsi. Yəni məqsəd islah edib ağıllandırmaq deyil, cəzalandırmaqdır. Ancaq cəzasını çəkib çıxanlar arasında iki cür adamlar var. Bir qismi "içəri"dəki cəzasını bitirib "bayır"da təkrar cəzalananlardır: dışlanmaqla, işsizliklə, yoxsulluqla cəzalananlar. Azadlıqdakı çoxluq azadlığa çıxan azlığı qucaqlamaq əvəzinə, bəzən təkrar ( hətta təkrar-təkrar)... cəzalandırır. Biri keçmiş məhkuma işləməyə iş vermir, biri evlənməyə qız vermir...

İkinci qism keçmiş məhkumlar isə...

Ahh! Burda işlər daha qəlizdir; o məhkumlar "cəzaçəkmə"dən gəlib azadlıqdakıları cəzalandırır. Elə, bax, bu A. Z. oğlu kimi. Türmədə öz itirdiyi illəri azadlıqdakı başqalarının ömründən qoparmağa çalışırdı. Anlamırdı ki, o narkotiklə zəhərlədiyi cavanların yarıda qırılan cavanlığını öz ömrünə calaq edə bilməz.

Cinayəti özün törətmisən, cəzasını özün çəkmisən, hələ üstəlik çıxıb günahsız olan başqalarını niyə cəzalandırırsan?! Həmin o türmədə səhvlərin, günahların üzərində düşünmək, nəticə çıxarmaq, özünün və özün kimilərin yanlışlarından öyrənib, arınıb, normal adam olmaq şansın var. Bu şansdan həyata yenidən tutunmaq üçün faydalanacağın yerdə, çıxıb özünə və ətrafdakılara yenə də zərər verirsən. Axırda polis raportunda ölümün də ölüm kimi yazılmır, "zərərsizləşdirilib" deyə yazılır. Özünə bir xeyirin dəyməyib, üstəlik topluma da zərərli olmusan deyə.

Polisin zərərsizləşdirəcəyi qədər zərərli olmaq... Dəhşətli finişdir. Qayıdıb, cəmiyyətə qaynayıb-qarışmaq varkən, bax, gör, nə işlər qarışdırmısan! Təkrar normal vətəndaş olmaq əvəzinə, Vətənin ayağına daş olursan. Həm də özünü özün bağladığın daş!

Niyə də, niyə?!

Sənin şansın vardı axı. Yenidən doğulmuş kimi təmiz yaşamaq üçün şansın vardı. Elələri var, heç bu şansı da olmur; həbsxanada ömrü bitən o qədər adam vardı! Sənə isə öz dövlətin, öz taleyin dəfələrlə şans verdi, fürsət verdi. Niyə bunu dəyərləndirmədin?! Bir parça çörək tapıb yeyə bilməyəcəkdinmi bu ölkədə?! Milyonlarla insan necə yaşayır?! Sən də elə yaşayaydın. Hamı milyoner olmur. Hamı milyarder olası deyil. Sənin azadlığın vardı, azadlığın! Türmələrdə on minlərlə adam var ki, azadlığa təşnə, Günəşə, işığa möhtac. Amma səndə bunların hamısı vardı. Sən isə çıxıb gəlirsən, narkopriton açırsan və öz günahının acığını günahsızlardan çıxırsan. Çəkdiyin cəzanı gəlib günahsızlara çəkdirirsən. Öz əməlinlə zəhərlədiyin ömrün acısını başqalarını zəhərləməklə çıxarırsan?! Sonunda da ucuz, uğursuz, urvatsız bir sonluq! İntihara bərabər ölümdür bu. "Zərərsiz"ləşdiriləcəyini bilə-bilə polisə atəş açmaq! İntihar deyil də, nədir?! Dəyərdimi?! Bütün bunlara dəyərdimi?! Qazandığın pullara, ölüm, qan, göz yaşı üstündə qurduğun xanimana, cah-cəlala görə dəyərdimi?!

Yox. Heç birini aparmır insan. Hamısı qalır. Bir təmiz ad qalır. Onu da özünə çox görübmüş bu adam. Allah günahlarını bağışlasın!

Nə bilim. Başqa nə demək olar ki?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »