Rusiya Ukraynanın bəzi yerlərindən qoşunlarını Rusiya Federasiyasının Kursk vilayətinə köçürüb. Prezidentin sözlərinə görə, ruslar Kursk vilayətinə 60 minə yaxın hərbçi yerləşdirib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski danışıb. Prezident qeyd edib ki, ruslar Zaporojye və Xerson vilayətlərindən qoşunlarını çıxarıblar. Maraqlısı budur ki, əvvəllər “qırmızı xətt” lərdən danışan Rusiya, bu gün tam hərəkətsizdir. Ukrayna qoşunları Rusiya daxilinə hərəkət etməkdə davam edir. Amma Rusiyanın müharibə tarixinə nəzər salanda görmək mümkündür ki, heç bir ordu Rusiya ilə savaşdan qalib çıxmayıb. Hadisələri müşahidə edəndə Putinin müharibə ilə bağlı xüsusi planının olduğu istisna edilmir…
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın Rusiya ərazisinə müdaxilə etməsi müharibənin gedişinə ciddi təsir edir.
“Rusiya 60 min heyətini Ukrayna ərazisindən çıxarıb, Kursk bölgəsinə göndərib. Rusiya tərəfi də Kurskdan Ukrayna qüvvələrini çıxarmaq üçün Donbasdan Rusiya qüvvələrini çıxarmalıdır. Ona görə də, seçim qarşısında qalıb. Vəziyyət bu qədər dramatikləşir. Yəni Rusiya nüvə taktikasına əl ata bilməz. Çünki Ukrayna da müttəfiqlərinin vasitəsilə Rusiyaya qarşı bunu tətbiq edə bilər. Qərb istənilən vaxt Ukraynaya nüvə silahını da verə bilər. Ona görə də, nüvə müharibəsindən söhbət getmir”-deyən politoloq hesab edir ki, Rusiyanın mövcud qüvvələri də artıq zəifləyib.
“Rusiya Kurskda çağırışçılardan ibarət əlavə qüvvələrlə əməliyyat keçirməyə çalışdı. Onlar da ya əsir düşdü, ya da Ukrayna qüvvələri qarşısında geri çəkildi. Rusiya tərəfi çox çalışır ki, vəziyyətə nəzarət etsin. Kurskda istehkam işləri həyata keçirir. Rusiya öz ərazisinə artıq müdafiə istehkamları tikib. Əlbəttə ki, bu Rusiya üçün uğursuz bir gedişatdır. Putinin imicinə mənfi təsir edir. Amma ciddi şəkildə də görüləcək iş qalmayıb. Yalnız nüvə silahından və kimyəvi silahından istifadə edilmədi. Çünki Rusiya da bilir ki, bu silahın istifadəsi qarşılıqlı ola bilər”-deyən politoloq qeyd edib ki, Rusiya ordusu Kurskda "yerləşən" Ukrayna qüvvələrini tam çıxarmaq üçün Ukrayna ərazisindən öz qoşunlarını çıxarmalıdır. Bu da Ukrayna ərazisində də rusların geri çəkilməsi, Ukrayna qoşunlarının işğal olunmuş ərazilərə girməsi ilə nəticələnə bilər. Yəni Rusiya dilemma qarşısında qalıb.
İradə Cəlil, Bizimyol.info