Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlham deyirdi ki, meyiti yandıraq basdıraq”
150 manata görə fəhlə yoldaşını qətlə yetirənlərin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndiurilən Əlizadə Vüqar Bayraməli oğlu və Əliyev İlham Məmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. İttihama görə hadisə 150 manata görə baş verib və Quliyev Kamran Yaşar oğluna 12 bıçaq vurulub.

150 manata görə qətl

Hadisə bu il Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Belə ki, hər iki şəxs fəhləliliklə məşğul olub və 23 yaşlı Kamran tanışından bir müddət əvvəl borc pul alıbmış. Borcun məbləği isə 150 manat olub. Dünən V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Tanışların pul mübahisəsi daha sonra davaya keçib və 22 yaşlı oğlan 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb. Əlizadə Vüqar polis tərəfindən saxlanılan zaman cinayət əməlini tək yox, tanışı Əliyev İlhamla törətdiyini bildirib. Bundan sonra Əliyev İlham da saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

“İlham deyirdi ki, oğlun düz edib, vurmasaydı, onu vuracaqdı”

Bizimyol.info xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Əlizadənin anası Tünzalə Əliyeva ifadə verib. O, hadisədə oğlunun deyil, digər təqsirləndirilənin günahkar olduğunu deyib: “Oğlumun bu işdə bir günahı var o da bir bıçaq vurması olub. Söyüşə görə vurub. Həmin günü İlham zəng elədi ki, oğlum adam vurub öldürüb. O bizə oğlumla danışmağa imkan vermirdi. Deyirdi ki, oğlun düz edib, vurmasaydı, onu vuracaqdı. 3 gün sonra oğlum Vüqar zəng edib dedi ki, Kamranı öldürməyib. Həmin vaxta qədər İlham deyirdi ki, meyiti yandıraq basdıraq. Biz qoymadıq. Elə şey olmaz dedik".

Təqsirləndirilən İlham Əliyevlə şahid arasında mübahisə yarandığı üçün hakim tərəflərə xəbərdarlıq edib.

“Dedi ki, 3 balam var, kömək edəcəyəm, 1-2 il yatacaqsan”

Təqsirləndirilən İ.Əliyev şahidin yalan danışdığını deyib: “Bunları öyrədiblər ki, özlərini təmizə çıxartmaq üçün atın İlhamın üstünə. Vüqarın qardaşları var, qan düşmənçiliyi olmasın deyə atdılar mənim üstümə. Kamranı çiynindən İlham vurub. Burda nağıl danışır, amma ekspertin də rəyi var. Mən ona bir bıçaq vurmuşam. Kamranı İlham öldürdü. Gecəynən də gedib üstünün qanını, kurtkasını yuduzdurub. İlham məni aldatdı ki, Kamran ölməyib. Dedi ki, 3 balam var, kömək edəcəyəm, 1-2 il yatacaqsan. Sonradan bildim ki, Kamran ölüb".

Proses aprelin 2-də davam edəcək.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »