Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqından Bakı Dəniz Limanına texniki dəstək
Avropa Ittifaqının maliyyələşdirdiyi “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı Layihənin açılış mərasimi keçiriləcək.

Bu haqda məlumat Bizim Yol-a Aİ Bakı nümayəndəliyindən daxil olub. Məlumatda deyilir: “Tədbirin keçirilməsində məqsəd Limanın çox rəqabətli beynəlxalq və regional mühitdə fəaliyyətinə texniki yardımın göstərilməsi nəzərdə tutan və Aİ tərəfindən maliyyələşdirilən yeni layihənin başlaması barədə bütün maraqlı tərəflərə məlumat verməkdir”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş Direktoru Taleh Ziyadov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas iştirakçıları salamlayaraq Aİ və Azərbaycanın nəqliyyat sektorunda əməkdaşlığı barədə ümumi məlumat verəcəklər.

Aİ tərəfindən layihə rəhbəri, liman inkişafı üzrə ekspert Edvin Lok və ekspert Daniel Linot layihənin komponentləri və əsas nəticələrinə yönəlmiş təqdimatla çıxış edəcəklər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini Vəfa Səfərli-Abdullazadə Bakı Limanının hazırki vəziyyəti və bölgədəki əsas ticarət və nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ilə bağlı hədəfləri mövzusuna həsr olunmuş təqdimat keçirəcək. Təqdimatın sonunda iştirakçılara 8-11 may tarixlərində Bakıda keçiriləcək Dünya Limanlarının İllik Konfransı haqqında təqdimat videosu nümayiş olunacaq.

Tədbirdə dövlət qurumları ilə yanaşı, bir sıra səfirliklərin nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar və müvafiq özəl şirkətlər iştirak edəcəklər. 2018-ci il yanvarın 16-da başlanmış layihə 2 il müddətində davam etdiriləcəkdir”.

Son xəbərlər
Bütün xəbərlər »