Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəlbəcər sakini yol polislərinin qardaşını döydüyünü deyir, DİN təkzib edir
Kəlbəcər sakini yol polislərinin qardaşını döydüyünü deyir, DİN təkzib edir

Kəlbəcər rayon sakini İntiqam Salahov yaşadığı Gəncə şəhərində yol polisləri tərəfindən döyüldüyünü bildirir. Onun özü və ailə üzvləri bununla əlaqədar dövlət qurumlarına müraciət edərək, təqsirkarlarların cəzalandırılmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, hadisə avqustun 28-də gecə saatlarında baş verib. İntiqam Salahov qohumu Ruslan Nağıyevlə birlikdə “Niva” markalı avtomobildə gələrkən Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları maşını saxlayıb.

Dağlar Salahov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, polislər həm qardaşını həm də sürücü Ruslan Nağıyevi döyüblər:

“Sürücü də qohumdur. Qardaşım deyib ki, nə günahı varsa, cəriməsini yazın, qayda var. qanun var, niyə döyürsünüz onu? Bunu deyəndə qardaşımın özünü də döyməyə başlayıblar. Mən hadisə yerinə çatanda Ruslanı götürüb aparmışdılar, qardaşım nə vəziyyətdə idi. Qardaşımı oradan götürüb xəstəxanaya apardım. Elə xəstəxananın qapısına çatanda polislər gəldilər, heç qoymadılar xəstəxanaya salmağa, götürüb apardılar şöbəyə. Xəstəxananın kamerasında da olan. Gecəni şöbədə saxlayıblar, yenidən döyüblər”.

Avqustun 29-da məhkəmənin qərarı ilə Ruslan Nağıyevə 8 sutka inzibati həbs, İntiqam Salahova isə 150 manat cərimə cəzası verilib.

Dağlar Salahov onu da qeyd edib ki, qardaşının üzərindəki xəsarətlərlə əlaqədar ekspertizadan keçməsi üçün prokurorluqdan göndəriş sənədi ala bilmirlər: “Sanki yubadırlar ki, xəsarət izləri itsin. Bununla əlaqədar Gəncənin şəhər prokuroruna da müraciət etmişik. Nəticə yoxdur. Ekspertiza da deyir ki, mütləq sənədlə gəlməlisiniz”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov İntiqam Salahovun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə deyilənləri təkzib edib. O, bildirib ki, adları çəkilən iki nəfərin döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Eşqin Qasımov deyib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən "Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb: “Sürücünün sərxoş olması barədə süphələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib. İntiqam Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib. Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İntiqam Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »