Norveçdə casus kimi yetişdirildiyi iddia edilən ağ dərili balina güllələnərək öldürülüb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, heyvan haqları müdafiəçiləri hadisə ilə bağlı cinayət işi açılmasını tələb ediblər.
Norveçdə fəaliyyət göstərən "NOAH" və "One Whale" heyvanların hüquqlarının müdafiəsi təşkilatları Norveç polisindən hadisə ilə bağlı rəsmi təhqiqat başlatmasını tələb edərək şikayət edib.
İlk dəfə 2019-cu ildə Norveçin şimalındakı Finnmark sahillərində görünən və üzərində xüsusi qoşqu taxan balina, onun Rusiya tərəfindən yetişdirilmiş casus ola biləcəyi şübhəsi ilə gündəmə gətirilmişdi. Keçən şənbə günü Norveçin cənub-qərbindəki körfəzdə "Hvaldimir" adlı balina ölü tapılıb. Bazar ertəsi yarılması üçün Norveç Baytarlıq İnstitutuna aparılan Hvaldimirin cəsədində çoxlu güllə yaraları aşkar edilib.
"NOAH" direktoru Siri Martinsen verdiyi açıqlamada: “Balinadakı xəsarətlər son dərəcə narahatedicidir və cinayət məsuliyyəti yarada bilər. Ona görə də polisin hadisəyə tez müdaxilə etməsi son dərəcə vacibdir”, - deyə qeyd edib.
Polis rəsmiləri bildiriblər ki, artıq onlara bununla bağlı şikayət daxil olub və hadisə ilə bağlı araşdırma başlayıb-başlamayacağını qiymətləndirirlər. Yarılma hesabatının yaxın üç həftə ərzində tamamlanacağı gözlənilir.
2019-cu ildə Balinanın üzərində olan qoşqu aşkar edilib. Aksiya kamerası üçün uyğun aparat və üzərində “Sankt-Peterburq avadanlığı” yazılmış plastik toqqalar tapılıb. Bu vəziyyət balinanın Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən öyrədildiyi iddialarını gücləndirib.
Qadir, Bizimyol.info