Yaponiya hakimiyyəti Belarus ərazisində Yaponiya vətəndaşının saxlanması faktını təsdiqləyib, ona konsulluq dəstəyi göstərilir.
Bizimyol.info xəbər verir ki, bunu Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
“Yaponiya səfirliyi 50 yaşlarında bir kişinin yerli qanunları pozduğuna görə yerli hakimiyyət orqanları tərəfindən saxlanıldığını təsdiqləyib. Vətəndaşla konsulluq görüşü vasitəsilə onun səhhətində xüsusi problem olmadığına əmin olduq. Bu məsələ ilə bağlı - həbsin səbəbi, həbsi şərtləndirən hallar və s. ilə bağlı hər hansı təfərrüatlı məlumat verməkdən hələlik imtina etmək istəyirəm. Biz ona maksimum dəstək verməyə davam edəcəyik”, - deyə Hayaşi bildirib.
“Belarus-1” dövlət televiziyası çərşənbə günü respublikada Yaponiya kəşfiyyatının əməkdaşının saxlanıldığını bildirib. Qeyd olunur ki, o, Belarusdakı ictimai-siyasi vəziyyət, Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün həyata keçirilməsi, Belarus-Ukrayna sərhədində baş verənlər, eləcə də hərbi infrastrukturun çəkilişləri barədə məlumat toplayıb.
Qadir, Bizimyol.info