Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Cinayət Məzhəkəsi
Beynəlxalq Cinayət Məzhəkəsi

Rusiya prezidenti Vladimir Putin keçən ay Azərbaycanda idi. Təbii ki, onu Azərbaycanda təhlükə gözləmirdi. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına qoşulmayıb. Ancaq sentyabrın 2-də Putin Monqolustana getdi. Monqolustan isə BCM-nin yurisdiksiyasını təsdiq edib.

Əlbəttə ki, Rusiya dövlətinin başçısı qarantiya almasaydı, ora getməzdi. Bu, ABŞ-ın və Avropanın əsas dövlətlərinin əlindəki cəza alətini - BCM-i "sındırmaq" üçün presedent həmlə idi. Monqolustanın bu addımı, təbii ki, Ukraynanı qəzəbləndirdi və rəsmi Kiyev: "Tərəfdaşlarımızla birlikdə mümkün olan hər şeyi edəcəyik ki, Monqolustanın bu addımının nəticələri olsun" dedi. Budur, Ukraynanın tərəfdaşları Avropa İttifaqının timsalında rəsmi Ulan-Batorun hərəkətindən (daha doğrusu, hərəkətsizliyindən) "narahatlığını" bildirdi.

Hələlik Monqolustana qarşı hər hansı sanksiyalar müzakirə olunmur. Hər halda belə bir fakt məlum deyil. Ancaq Monqolustan bu cür riskli addım atmaqla, əslində BCM-nin onun üçün də elə əhəmiyyətli struktur olmadığını göstərmiş oldu. Tək Ulan-Batorun deyil, başqa dövlətlərin də BCM-nin legimitasiyası və effektivliyi haqda şübhələr var. BCM İsraillə bağlı qərar çıxarıb. İcra olunmur.

Rusiya özü də bu məhkəmənin üzvü olub, 2016-cı ildə ordan çıxıb. İndi isə bu məhkəmə onu təqib edir; imkan olan kimi imkan olan yerdə həbs etdi-edəcək. Ancaq Monqolustanda bunu bacarmadı. Formal baxımdan yanaşanda Monqolustan Vladimir Putini həbs etməli idi, etmədi. İzahatı da belə oldu ki, Monqolustan Rusiyadan enerji daşıyıcıları alır. Doğrudan da, haqlı izahatdır: bu ölkə qışda donanda onu enerji ilə kim təmin edəcək?! BMT, yoxsa BCM özü?!

Bu, nəinki Beynəlxalq Cinayət Məhkəməsinin, ümumiyyətlə, BMT-nin dünyadakı proseslərə nəzarəti itirdiyini göstərir. Bu təşkilatın rolu və nüfuzu, yumşaq desək, zədələnib. Səbəb: BMT özü ədalət prinsipi ilə qurulmayıb və bu gün də ədalətlə idarə olunmur. BMT-də beş daimi üzv dövlətin - ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransanın qərar qəbul etmədə inhisarı var. Bu beş dövlətdən biri veto qoyanda qərar keçmir. Dünyada 200-ə yaxın ölkə var. Amma 195 ölkənin taleyi beş dövlətdən, daha doğrusu, onlardan hər hansı birindən asılıdır. Bunun özü BMT-ni iflic edir. Təşkilatın reformasiyası da nümkün deyil, çünki islahat qərarına məlum beş dövlətdən ən azı biri razı olmasa, alınmayacaq bu iş. Veto hüququ olan o beş dövlət bu hüququ onların əlindən alacaq qərara razılaşarmı?! Təbii ki, yox. Deməli, BMT kilidlənib. O cümlədən, Beynəlxalq Cinayət Məhkəməsi. Əgər Monqolustan Rusiyanın prezidentini tutmadısa, BCM gedib Monqolustanın prezidentini tutacaq?! Yox! Çox təzyiq eləsə, bu dövlət, ümumiyyətlə, oradan çıxacaq. BCM-nin yurisdikasiyasında olmayan o qədər dövlət var ki.

Əlbəttə, deyə bilərsiniz ki, bizə nə BCM-dən, Putindən, hələ-hələ Monqolustandan?! Məsələ də ondadır ki, biz də bir zaman (və uzun zaman!) indiki Ukraynanın vəziyyətindəydik. Yəni üzləşdiyimiz situasiyalar oxşar idi. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı dörd qətnamə qəbul etmişdi. Veto hüququ olan həmin o beş dövlət də buna qarşı çıxmamışdı. Üstəlik o beş dövlətdən üçü 28 il ATƏT-in Minsk Qrupunu həmsədrləri kimi sanki bu problemin, konfliktin nizamlanması ilə məşğul idi. Nəticə?! Sıfır. BMT (özü də Təhlükəsizlik Şurası) öz qətnamələrini icra "etdirə bilmədi". Ermənistana qarşı hər hansı cəza sanksiyasını, məcburetmə mexanizmini işə salmadı. Axırda Azərbaycan bunu özü etdi. Ona görə də indi dünya Monqolustanın davranışına niyə təəccüblənir ki?! Nəticədə hər dövlət öz qərarını özü verir. Monqollar da bilir ki, Putinin həbsi nüvə müharibəsi deməkdir. Bunu Ukrayna da bilir, Avropa da, Amerika da, BMT də, BCM də. Sadəcə, Putini, Monqolustanı və sair qorxudurlar. Monqolustan isə BCM-dən və Avropadan qorxmadı. Əksinə, belə qərara gəldi ki, öz vəziyyətində Putindən "qorxmaq" üçün daha çox əsas var. Monqolustan Rusiya ilə Çinin arasında yerləşən bir dövlətdir; bu iki böyük qonşudan çox asılıdır. Putini həbs etsəydi də zərbə alırdı, etməsəydi də. Birinci halda alacağı zərbə ikinci halda gözləniləndən daha ciddi, daha real idi. Ona görə qanunilik imperativi ilə deyil, effektivlik imperativi ilə hərəkət (daha doğrusu, hərəkətsizlik) elədi.

Bu məsələ bizi bir də başqa səbəbə görə maraqlandırır. Monqolustan presedenti Ermənistanın da qaça-qaça gedib Roma statutuna qoşulmasını mənasız, hətta gülünc edir. Sabah-birisi gün Putin İrəvana getmək istəsə, Ermənistan hökuməti onu orda həbs edəcək?! Əlbəttə, yox! Bunu təsəvvür etmək belə gülüş doğurur. Rusiyanın orda qoşunu var, qoşunu! Ermənistanın Türkiyə və İran kimi ölkələrlə sərhədlərinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edir. İqtisadi asılılıqdan isə heç danışmayaq. O zaman Ermənistanın Roma Statutuna qoşulması, sadəcə, Rusiyadan uzaqlaşmaq görüntüsü yaratmaq üçün idi. Bu görüntü ona Qərbdən hərbi və maliyyə dəstəyi almaq, silahlanmaq, toparlanmaq üçün gərək idi. Belədirsə, deməli, Beynəlxalq Cinayət Məhkəməsi bir siyasi alətdir. Ən qəribəsi odur ki, Ermənistan kimi özü insanlıq əleyhinə saysız cinayətlər törətmiş dövlət Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır. Bu məntiqlə Beynəlxalq Cinayət Məhkəməsi də bu ölkədəki beynəlxalq müharibə canilərini çoxdan olduğu kimi "tanımalıydı". Əgər Beynəlxalq Cinayət Məzhəkəsi deyilsə. Çantasında atom bombasının "qırmızı düymə"sini gəzdirən Putindən qorxmayan "məhkəmə", Köçəryandan və ya Sarkisyandan qorxacaq?!

BCM bu suala necə baxır, görəsən?! Baxarmı ki?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »