Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin qarşıdurması və bu fonda dünyada baş verən gərginliklərə nəzər salanda üçüncü "dünya müharibəsi"nin başladığını demək olar. Müharibə hələ gizlin şəkildə davam edir. Rusiya-Ukrayna müharibəsində Ukraynaya 54 dünya ölkəsi yardım edir. Bu da üçüncü "dünya müharibəsi" deyilsə, nədir?
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyada çox böyük qarşıdurmalar var.
Rusiya-Ukrayna müharibəsi dünya tərzini dəyişdi.
“Artıq dünyanın yenidən bölünməsi üçün müharibələr başlayıb. Buna isə, Rusiya-Ukrayna yox, Rusiya-Qərb və ya Rusiya-Amerika müharibəsi də demək olar. Bu gün Rusiya-Ukrayna cəbhəsində döyüşənlərin arasında fransızlar, çexlər, amerikalılar da var. Dünyanın 54 ölkəsi Ukraynaya Rusiya qarşı apardığı müharibədə kömək edir”-deyə politoloq bildirib.
Elşad Həsənov qeyd edib ki, eyni zamanda dünya keçən il 2023-ci ilin oktyabrın 7-dən də Fələstin-İsrail müharibəsinə şahidlik edir.
“Fələstində qadınlar, qocalar, uşaqlar kütləvi şəkildə qətlə yetirilir. Doğrudan da, "dünya" tamam qarışıb. Bu isə, üçüncü dünya müharibəsinin faktiki olaraq mövcudluğunu göstərir. Üçüncü dünya müharibəsinin başlamaması üçün müəyyən işlər aparılsa da, Rusiya-Ukrayna müharibəsindəki yeni mərhələ artıq digər NATO ölkələrinin də bu məsələyə qarışmasını labüd edir. Avropa İttifaqı qəbul etdi ki, onların təlimatçıları tərəfindən Ukrayna ərazisində Ukrayna əsgər və zabitlərinə təlimlər keçirilməlidir. Bu haqda qərar qəbul etdilər. Bu da o deməkdirki, xarici ölkələrin nümayəndələri gəlib müharibə gedən Ukrayna ərazisində onlara təlimlər keçəcək. Rusiya da bunun qarşılığında bildirdi ki, “biz həmin adamları dərhal məhv edəcəyik”. Eskalasiya daha da sürətlənir. Polşa da qərar qəbul etdi ki, öz ərazisindən Ukrayna səmasında olan Rusiya raketlərini vuracaq. Yəni münaqişə üçüncü dünya müharibəsinə gətirib çıxarır”-deyəpolitoloq bildirib.
Elşad Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl etdiyi çıxışı da şərh edib.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, əgər Qərb, xüsusilə Amerika Ukraynaya icazə versə ki, onların silahlarından Rusiyanın daxilində hərbi və mülki obyektlərə zərbələr endirsinlər, o zaman Rusiya nüvə silahını işə salmağa məcbur olacaq. Yəni artıq Rusiya nüvə silahı ilə dünyanı təhdid edir. Bunu da təbii ki, Amerika da istəmir. Bayden xüsusilə bu icazəni ona görə vermir ki, Rusiya bu zaman nüvə silahına əl ata bilər. Nüvə silahına əl atsa, sözün həqiqi mənasında dünyanın sonu ola bilər. Amerikanın, İngiltərənin Avropada yerləşdirilmiş nüvə başlıqları hazır vəziyyətdədir. Əgər Rusiya Ukraynaya nüvə bombası atarsa, o zaman Rusiyanın böyük şəhərləri də nüvə zərbəsinə məruz qalacaq. Bu da aksiomadır. Çünki hazırda kosmosdan Rusiyanın nüvə şaxtaları nəzarət altındadır. Həm NATO, həm ABŞ silahlı qüvvələri müəyyən qərar qəbul edib, hərəkət etdiyi an həmin silahları yerindəcə məhv etmək niyyətində olacaqlar. Biz real olaraq, üçüncü dünya müharibəsinin içindəyik”-deyə politoloq bildirib.
ElşadHəsənovun sözlərinə görə, bu müharibənin üçüncü dünya müharibəsinə çevrilməsi dünyaya çox böyük dəhşətli nəticə göstərə bilər. Mövcud hücumlar artaraq davam edərsə və nüvə silahından istifadə olunarsa, dünyanın sonunu gətirə bilərlər.
Ekspert hesab edir ki, dünya liderləri dünyada nüvə silahının işlənməsinə yol verməməli, problemləri danışıqlar yolu ilə həll etməlidirlər.
İradə Cəlil, Bizimyol.info