Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məsud Pezeşkian Azərbaycan dilində verdiyi müsahibənin "cavab"ını siyasi təzyiq formasında alacaq"
"Məsud Pezeşkian Azərbaycan dilində verdiyi müsahibənin "cavab"ını siyasi təzyiq formasında alacaq"

Bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkian Azərbaycan dilində müsahibə verib. Pezeşkianın bu müsahibəsi rejim daxilində olan qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Pezeşkianla bağlı müxtəlif ittihamlar irəli sürülüb, müxtəlif KİV-lərdə bu məsələ müzakirə edilib. Görünən odur ki, İran daxilində olan bəzi qüvvələr Pezeşkiyanın bu davranışını özləri üçün təhlükə hesab edirlər.

İranın daxilindəki müxtəlif siyasi qruplaşmalara Məsud Pezeşkiyanın gücü çatacaqmı?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 100 ildir İranda fars dili hegemon dil olaraq, qeyri-fars millətlərinə qarşı öz basqısını davam etdirməkdədir.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Bu basqı, sadəcə qeyri-fars millətlərin dillərini aradan qaldırmaq məqsədi daşımır, eyni zamanda fars dilinin hegemonluğunu artırmağa çalışır və o millətlərin milli kimliyini, tarixi keçmişini, milli mədəniyyətini, adət-ənənələrini də onlara unutdurmağa çalışırlar. Yəni orada yaşayan qeyri-fars millətlərinin keçmişi, kimliyi, mədəniyyətindən əsər-əlamət qalmasın. Artıq qeyri-fars millətləri bu məsələnin fərqindədirlər. Yəni məsələ sadəcə fars dilinin bir üstün, hegemon dil kimi öz hegemonluğunu qeyri-fars millətlərinin üzərində artırmağa çalışması məsələsi deyil. Həm də bu dilin üzərindən, bu dil vasitəsilə orada yaşayan millətlərin, milli varlığını da aradan götürməyə çalışırlar. 100 il keçməsinə baxmayaraq, insanlar öz ana dilində təhsil haqlarını, öz milli kimliklərinin rəsmi şəkildə tanınmasını, öz tarixi keçmişlərinin tədris olunmasını, öz adət-ənənələrinin qorunub saxlanılmasını, öz tarixi abidələrini, mədəni dəyərlərini, musiqi və ədəbiyyatını istəyirlər. Bunlar hamısı təbii və ciddi məsələlərdir ki, artıq orada yaşayan qeyri-fars millətləri bu məsələlərin fərqindədirlər”-deyə politoloq qeyd edib.

Sadiq İsabəyli bildirib ki, Məsud Pezeşkiyanın seçilməsi və ondan sonrakı proseslərə nəzər yetirilsə, fars hakimiyyəti onun mərkəzində olan mafiyalaşmış zəngin siyasi nüfuzu olan qruplaşmalar çalışırlar ki, Məsud Pezeşkiyanı və bütün mövcud imkanlarını öz nəzarətində saxlasınlar və imkan verməsinlər ki, Məsud Pezeşkiyan hansısa bir vədini yerinə yetirməyə fürsət əldə etsin.

“Son günlərdə Məsud Pezeşkiyanla Azərbaycan türkcəsində aparılan müsahibə fars mərkəzli bütün qrupları, təşkilatları, şəxsləri narahat etməyə başladı. Sosial mediada, qəzetlərdə, telekanallarda bununla bağlı çox ciddi etirazlar etməyə başladılar. Qeyd edilirdi ki, “bu, necə ola bilər ki, bir azərbaycanlı çox rahat prezidentin sarayına və yaxud prezidentin oturduğu binaya gedər və onunla Azərbaycan türkcəsində müsahibə apara”… Müsahibə götürənin istifadə etdiyi Azərbaycan türkcəsi onların xoşuna gəlməyən tərzdədir.

Jurnalist çalışırdı ki, Azərbaycanın ədəbi dilində Məsud Pezeşkiyanla danışsın”-deyən şərhçi bildirib ki, bununla yanaşı, bir sıra ittihamlar da irəli sürülür. Qeyd edilir ki, “bu ölkəni parçalamaq istəyirlər, dağıtmaq istəyirlər”, “bu məmləkətin tarixi filandır, fars dili hər zaman hegemon bir dil olub”, “Məsud Pezeşkiyan o adama Azərbaycan türkcəsində danışmağa icazə verməməli və ona Azərbaycan türkcəsində cavab verməməlidir”…

Ekspertin fikrincə, bütün bunlar bir daha onu sübut edir ki, fars mərkəzli qruplar, təşkilatlar, şəxslər hələ də uydurduqları keçmişdən gələn zehniyyətlə, düşüncə ilə yaşayırlar: “Elə hesab edirlər ki, bundan sonra da elə bu fars dilinin əsasında uydurulmuş tarix, uydurulmuş mədəni-siyasi anlayışlar, uydurulmuş “vahid İran” və s. kimi məsələlər ömür boyu sürə biləcək və bu uydurmalarla da, orada yaşayan qeyri-fars millətlərini susduracaq, onları milli kimliyini inkar edəcək, onların tarixi keçmişini onlara unutduracaq, dillərini əllərindən alacaqlar və s. Bu səbəbdən də, onlar bu hücumları davam etdirir, geri çəkilmirlər.

Məsud Pezeşkiyanın qeyri-fars millətləri ilə bağlı kiçik müsahibəsini qəbul etmirlərsə, deməli, həmin proses bir az çətin prosesdir. Bütün bu basqılara rəğmən, Məsud Pezeşkiyan istəyir ki, bir sıra qeyri-fars millətlərinin ana dili ilə bağlı hüquqlarının təmin olunması üçün fəaliyyətlər göstərsin. O fəaliyyətlərin aparılmasında da ciddi maneələrlə qarşılaşacaq, təhdid də ola bilər. İranın siyasi rejimindən, ideolojik qüvvələrdən bunu gözləmək mümkündür. Hətta bunu fiziki olaraq da həyata keçirə bilərlər. Bir sıra yəni prezidentləri, məsələn İbrahim Rəisini çox rahat şəkildə helikopter qəzası adı altında öldürdülər. Aparılan araşdırmalar şübhələri artırır ki, bu da elə hakimiyyətin öz işi idi. O rejim mahiyyətcə təhlükəli bir rejimdir. Onun o bölgədə dünyada həyata keçirtdiyi deyək terror fəaliyyətlərini biz hamımız görürük.

Sadiq İsabəyli hesab edir ki, Məsud Pezeşkiyanın Azərbaycan türkcəsində müsahibə verməsi, hər halda verdiyi bir sıra vədlərlə bağlı Azərbaycan dilində danışması, yəni Azərbaycan türkləri ilə Güney Azərbaycanda danışması olduqca normaldır.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »