İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra qisas alacağını elan edən İranın "bu həftə ərzində hücuma keçməsini" gözləyir.
Bizimyol.info xəbər verir ki, Amerikanın "Axios" xəbər saytına danışan İsrail mənbələri İranın bir neçə gün ərzində birbaşa İsrailə hücum etməyə hazırlaşdığını bildirib.
Digər tərəfdən ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi İranın bu həftə İsrailə hücum edə biləcəyini iddia edərək, bu məlumatın İsraillə paylaşıldığını bildirib. Buna görə də, avqustun 15-də Qəzzada yenidən başlaması planlaşdırılan atəşkəs danışıqlarından əvvəl İran və Hizbullahın birgə hücumu baş tuta bilər.
Mənbələr bildiriblər ki, raketlər və pilotsuz uçuş aparatları ilə edilən hücum İsrailin mərkəzində mülki yaşayış məntəqələri və hərbi bölgələri hədəfə ala bilər. Livan mediasının məlumatına görə, Hizbullah isə İsraillə böyük bir münaqişəyə qarşı ehtiyat tədbiri olaraq Beyrutun Dahieh şəhərciyindəki hərbi və siyasi qərargahını tamamilə boşaldıb.
ABŞ-ın müdafiə naziri Lloyd Austin israilli həmkarı Yoav Qallant ilə telefonda danışarkən “Vaşinqtonun İsrailə sarsılmaz dəstəyinin sübutu kimi” Yaxın Şərqə daha bir təyyarədaşıyan gəminin göndərilməsi barədə göstəriş verib. Nazirlikdən verilən açıqlamaya görə, nüvə yanacağı ilə işləyən və "F-35C" döyüş təyyarələrini daşıyan "USS Abraham Linkoln" Yaxın Şərqə gedərək hazırda bölgədə xidmət edən "USS Theodore Roosevelt" təyyarə daşıyan gəmisi ilə birgə hərəkət edəcəklər.
Qadir, Bizimyol.info