Elon Mask "X" sosial platforma hesabında kütləvi "DDOS" (Distributed Denial of Service) hücumunu çoxlarının ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz fikrini ifadə etməsinə mane olmağa çalışması ilə izah edib.
Bizimyol.info xəbər verir ki, bu barədə onun Trampla söhbəti sosial şəbəkə platformasında yayımlanıb.
"X-ə edilən bu kütləvi hücum göstərir ki, bir çoxları Trampın dediklərini eşidilməsinə qarşıdır", - deyə Mask qeyd edib.
"Bu müsahibə həqiqətən də yalnız qərar qəbul etməyə çalışan müstəqil, açıq fikirli seçicilərə yönəlib", - deyə sahibkar əlavə edib.
Trampın "X" müsahibəsi, Maskın "DDOS" hücumundan qaynaqlandığını dediyi texniki problemlər səbəbindən planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasının hazırkı prezident Co Bayden tərəfindən təmsil olunacağı güman edilirdi, lakin onun iyun ayında Respublikaçı Trampla debatındakı fəlakətli çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar daha da gücləndi.
İyulun 21-də o, yarışdan çıxmaq qərarına gəlib və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ən yüksək hökumət postuna namizədliyini dəstəklədiyini elan edib.
Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülüb.
Qadir, Bizimyol.info