Yusuf Dikeçi əminliklə Paris Olimpiadasının ən koloritli idmançılardan biri adlandırmaq olar. Pnevmatik tapança ilə 10 metr məsafədən güllə atışı yarışlarında gümüş medal qazanan türkiyəli sosial şəbəkə platformaların ulduzuna çevrilib. Yusuf Dikeç soyuqqanlı davranışı ilə çoxlarının sevimlisi olub. O, yarış zamanı gözlük və qulaqlıq istifadə etmək istəməyib, bütün atışlar zamanı da əlini cibindən çıxarmayıb. Dikeç davranışı ilə hamının diqqətini çəkib. Onun haqqında sosial platformalarda xeyli maraqlı paylaşımlar diqqət çəkir. Yusufu hətta zarafatla keçmiş killer də adlandırırlar. Çünki yalnız killerlər bu qədər soyuqqanlı davrana bilərdi.
Bizimyol.info xəbər verir ki, Yusuf Dikeç 1973-cü ildə Kahramanmaraşın Göksun rayonunda doğulub. 21 yaşı olanda Ankarada polis məktəbinə daxil olub. Sonradan bu sahədə işləməyə başlayıb. İdmançı karyerasına 28 yaşında başlayıb. 2008-ci ildən olimpiadalarda yarışa çıxır. İki dəfə dünya, üç dəfə Avropa çempionu olub. Olimpiadalarda ilk medalını Parisdə qazanıb.
Yusuf Dikeç özünü tox tutsa da, əslində, çox sevindiyini bildirir: “Ölkəmin adına belə bir medal qazandığım üçün çox xoşbəxtəm. 24 il heç yorulmadan məşq etdik, geri çəkilmədik. Mükafatçıların kürsüsünə qalxanda özüm orda idim, amma ürəyim 85 milyonluq xalq ilə birlikdəydi. Həm də türk millətinin duası ilə qazandıq medalı”.
Dikeç yarış ləvazimatlarından istifadə etməməsini rahatlıq imkanlarına bağlayır: “Əslində, ləvazimatlarla bağlı bir sıxıntımız yoxdur. Federasiya da, nazirlik də hər şeylə təmin edir. Sadəcə, mən iki gözü açıq şəkildə güllə atmağa alışmışam. Mənim üçün belə rahatdır. Gözlük və qulaqlıq məni həmişə narahat edib”.
Yusuf Dukeç insanların rəğbətini qazanmasına görə özünü çox xoşbəxt hiss edir. Atıcı uğur qazanmaq üçün xüsusi bir metoddan istifadə etmədiyini deyir: “Fərqli bir şey etmirəm. Əlimi cibimdə balans qorumaq üçün saxlayıram”.
51 yaşlı idmançı keçən il haqsızlığa uğramasından danışır: “Dünya Çempionatına 4 gün qalmış keçmiş klubum silahımı əlimdən aldı. Sağ olsun federasiya, həmin gün mənə silah tapıb verdi. Qələbəni o silahı mənim əlimdən alanlardan və bunu görüb səssiz qalanlardan xaric 85 milyon insana həsr edirəm”.
Türkiyəli idmançı artıq növbəti olimpiadaya hazırlaşır. O, 2028-ci ildə Los-Ancelesdə də ölkəsini təmsil etmək fikrindədir: “Bir-iki gün dincəlib yenə məşqlərə başlayacağam. Qızıl medal almayana qədər dayanan deyiləm. Bu dəfə də son anda qızılı əldən verdik”.
Aytən, Bizimyol.info