Pakistanın federal hökuməti iyulun 24-də keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi müxalif Ədalət Hərəkatı (ƏH) partiyasının fəaliyyətini qadağan etməyi nəzərdən keçirməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə “Dawn” qəzeti rəsmi mənbələrə istinadən məlumat verib.
Nəşrə məlumat verən məbənin sözlərinə görə, ƏH-nın fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması Nazirlər Kabinetinin iyulun 22-də keçiriləcək iclasında nəzərdə tutulsa da, baş nazir Şahbaz Şərifin gərgin iş qrafiki ilə əlaqədar iyulun 24-nə təxirə salınıb. “İmran Xanın partiyasını qadağan etmək qərarı Pakistanda hakim koalisiya üçün kritik və vacibdir. Hakimiyyət artıq ƏH-nın siyasi fəaliyyətdən uzaqlaşdırılacağını və onun liderinin üsyana təhrik və konstitusiyanı pozduğuna görə mühakimə olunacağını bəyan edib”, - deyə nəşrin həmsöhbətləri bildiriblər.
İyulun 22-də polis ƏH sədri vəzifəsini icra edən Qohar Əli Xanı saxlayıb və partiyanın İslamabaddakı qərargahına basqın edib. Müxalifət partiyasının müvəqqəti rəhbərinin həbsinin motivləri barədə hələlik heç bir rəsmi məlumat verilməyib.
Əvvəllər bildirildiyi kimi, hökumət keçmiş hakim partiya olan ƏH-nın fəaliyyətini qadağan etmək, həmçinin Xan və keçmiş prezident Arif Alviyə qarşı dövlətə xəyanətdə, xüsusən də onların xarici mənbələrdən vəsait alması ilə bağlı iş açmaq qərarına gəlib.
İyunun əvvəlində İslamabad Ali Məhkəməsi Xan və keçmiş xarici işlər naziri Şah Mehmood Qureşi dövlət sirlərini açıqlamaqda ittihamına bəraət qazandıraraq, keçmiş nazirləri 10 il müddətinə azadlıqdan məhrum edən yanvar ayında çıxarılmış hökmləri ləğv edib. Buna baxmayaraq, siyasətçilər digər ittihamlara görə həbs cəzalarını çəkməyə davam edirlər.
Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Qadir, Bizimyol.info