Sentyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Artıq siyasi partiyalar, seçicilərin təşəbbüs qrupları öz namizədlərini irəli sürür.
Hakim Yeni Azərbaycan Partiyasının rəsmən irəli sürdüyü namizədlərin adları xüsusi maraq yaradıb. Bu siyahıya düşmək üçün çox gərgin mübarizə getmişdi. Ancaq hakim partiya öz namizədlərini müəyyən edib. Doğrudur, bu siyahıdakı bir çox adlar formal xarakter daşıyır. Çünki adı siyahıda olanların bəzilərinin dairəsində başqa partiyaların sədrlərinə və yaxud aparıcı funksionerlərinə, eləcə də, bitərəf namizədlərə "yaşıl işıq" yandırılacaq. Siyahıda həm yeni adlar, həm də köhnələr var. Bu da cəmiyyətdə müxtəlif suallar doğurur.
Bəzi dövlət məmurları vəzifələrindən azad edilərək hakim partiyadan Milli Məclis deputatlığına namizəd göstərilib. Bu, bir yandan hökumət komandasında yerlərin yeni şəxslər və gənclər üçün boşaldəlması kimi görünür, bir yandan da, Milli Məclisdə təcrübəli YAP veteranlarına ehtiyac olması təəssüratı yaradır.
Siyasi ekspert dairələrində belə bir fikir də dolaşır ki, qarşıda ölkəni ciddi siyasi kampaniyalar gözləyir. Ona görə də Milli Məclisin yeni tərkibi daha "rahat" fiqurlardan formalaşacaq. Az-çox siyasi çəkisi olan müxalif siyasətçilərə də hələlik kənara çəkilmək məsləhət bilinib. Yenidən Müsavat başqanlığına qayıtmış İsa Qəmbər əslində buna işarə edib: "Bu dəfə namizədliyimi irəli sürməyəcəm" deyib. Deməli, növbəti dəfə seçkiyə qatılacaq. Eləcə də, Arif Hacılı. Eyni hal Ümid Partiyasından İqbal Ağazadəyə, ADP-dən Sərdar Cəlaloğluna və sair aiddir. Siyasi, ictimai, eləcə də, media dairələrindən də bir çox iddiaçı geri çəkilib və ya geri çəkilməsi məqbul bilinib.
Görünən odur ki, Milli Məclisin budəfəki tərkibi "məsləhət bilinən" şəxslərdən qurulacaq. Müxalif hesab edilən, yaxud özünü müxalifət kimi təqdim edən partiyaların arasından da, faktik olaraq, seçim edilib. Bəziləri liderləri ilə seçkiyə gedir, bəziləri funksionerləri ilə, bir başqaları ailə üzvləri ilə. Hər halda namizədlərin və iddiaçıların siyahılarından belə görünür ki, bu tərkib şəxslərə görə əvvəlkindən müəyyən dərəcədə fərqlənsə də, mahiyyətcə çox da fərqlənməyəcək.
İradə Cəlil, Bizimyol.info