Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşaq bezləri sızmanın qarşısını "müvəqqəti" aldığı üçün hovuza mikrobların düşməsinə mane olmur"
"Uşaq bezləri sızmanın qarşısını "müvəqqəti" aldığı üçün hovuza mikrobların düşməsinə mane olmur"

Yayda valideynlər çalışır ki, özləri ilə yanaşı uşaqları da istirahət edə bilsin. Bunun üçün uşaq hovuzları olan otellərə daha çox üstünlük verilir. Otellərin və ya akvaparkların hovuzlarında və əyləncə avadanlıqlarında olan su öz daxilində dövr edir. Yüzlərlə insanın eyni anda istifadə edə biləcəyi bu cür əyləncə hovuzlarında hələ də standartlaşdırılmış nəzarət üsulu yoxdur. Xüsusilə, uşaqların üstünlük verdiyi əyləncə hovuzlarında sirkulyasiya edən su asanlıqla infeksiya mənbəyinə çevrilərək ishal epidemiyasına səbəb ola bilər.

Bu barədə Bizimyol.info xəbər portalına həkim Xatirə Əhmədova danışıb. Həkim bildirib ki, uşaqlar hovuzda uzun müddət qalırsa, infeksiya baxımından riskli nəticələr yarada bilər.

“Uşaqlar uzun müddət hovuzda qaldıqları zaman kəskin xarici otit yaşaya bilərlər. Hovuzda zədələnmiş xarici qulaq kanalının su ilə uzun müddət təmasından sonra infeksiyaya görə qızartı, şişlik, qaşınma, ağrı və axıntı əmələ gələ bilər. Bu xəstəlikdən qorunmaq üçün qulaqlar quru dəsmal ilə təmizlənməlidir və qulaq çubuqlarından qaçınılmalıdır”-deyən həkim bildirib ki, hovuz suyu qulaqlara giribsə, başını hər iki tərəfə əyərək onu çıxarmağa diqqət yetirilməlidir.

Xatirə Əhmədova maraqlı bir mövzuya da toxunub. Həkim bildirib ki, hovuz üçün nəzərdə tutulmuş suya davamlı uşaq bezləri müəyyən müddət ərzində nəcisin sızmasının qarşısını alsa da, nəcisdə ola biləcək mikrobların hovuz suyunu çirkləndirməsinin qarşısını almır. Ona görə də, ishal olan uşaqlar bu bezlərdən istifadə etsələr belə hovuza girməməlidirlər.

Yadda saxlayın...

  • Hovuzun suyu şəffaf olmalı və hovuzun dibi aydın görünməlidir.
  • Hovuzun mütəmadi olaraq yoxlanıldığından əmin olmalısınız.
  • Cryptosporidium səbəbiylə ishal keçirsəniz, ishal aradan qalxdıqdan sonra 2 həftə ərzində hovuza girməməlisiniz.
  • Ən vacib məqamlardan biri hovuzun drenaj və sirkulyasiya borularının və ya kanallarının təhlükəsizlik tədbirləri ilə alındığını təmin etməkdir.
  • Açıq yarası olan insanlar hovuza girməməlidir.
  • Hovuza girməzdən əvvəl sabunla duş qəbul etməlisiniz.
  • Hovuzda olarkən hovuz suyu ağıza alınmamalıdır. Uşaqların hovuz suyunu ağzına götürməməsi üçün diqqətli olmaq lazımdır.
  • Hovuzda maksimum bir saat qala bilərsiniz. Əgər yenidən hovuza girmək istəyirsinizsə, dincəlməli və kifayət qədər maye içməlisiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »