"Azərbaycan xalqı hər il Aşura keçirməklə, öz mövqeyini ortaya qoyur. Yəni xalq olaraq, biz bütün dünyaya səs salaraq, bildirmək istəyirik ki, hər zaman məsumun yanında olacağıq. Heç zaman zalımın, zülümkarın, ədalətsizin yanında yer almayacağıq. Bu, Azərbaycan xalqının hər il Aşura keçirməyində dünyaya car çəkəcək şüarıdır".
Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı İbrahim Məmmədov danışıb. İlahiyyatçı qeyd edib ki, Azərbaycan xalqı üçün Aşura 50-100 ilin Aşurası deyil.
"Aşura əsrlərdir Azərbaycanın xalqının adət-ənənəsinə çevrilib. İnanclı insanlar həzrəti peyğəmbərimizin əziz balası, Kərbəla qəhrəmanı Həzrəti İmam Hüseynə matəm saxlamalıdır. Dəlil olaraq, Azərbaycan xalqının ənənəsinin olmağı bizim görkəmli şəxsiyyətlərimiz - Azərbaycanın klassik ədəbiyyatçıları Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Nəsimi, Xurşidbanu Natəvan və s. Azərbaycanın dahi şəxsiyyəti klassik ədəbiyyatçıları öz əsərlərində Həzrəti İmam Hüseyn Əleyhissalamı mədh ediblər. Çünki Həzrəti İmam Hüseyn əleyhissalam ən dəyərli bir varlıqdır, şəxsiyyətdir. Həzrəti İmam Hüseyn əleyhissalam Kərbəlada fədakarlıq etməyi ilə insanlığı ayaqda saxladı, insanlığı qorudu. Çünki insanlığı aşılayan, dürüst olmaq, düzgün olmaq, sədaqətli olmaq və valideyn qədrini bilmək İslam dinindən qaynaqlanır. Çünki İslam dini sülh, mərhəmət, mehribanlıq dinidir. Həzrəti İmam Hüseyn əleyhissalam da İslam üçün fədakarlıq etməyi ilə, mərhəmətli sülhü və əmin-amanlığı təmin etdi. Ona görə də Azərbaycan xalqı da digər xalqlar kimi Həzrəti İmam Hüseyn əleyhissalamın əzadarlığında hər il cəm olmaqlıqla İmam Hüseyn əleyhissalamın məktəbin yaşadırlar. Bir sözlə, Həzrəti İmam Hüseyn əleyhissalam insanlığın ən bariz nümunəsidir. Yəni insanlıqdan söz açılanda Həzrəti İmam Hüseynin misal çəkilməyi kifayətdir" deyə İbrahim Məmmədov vurğulayıb.
İlahiyyatçı bildirib ki, hər bir xalqın özünə məxsus adət-ənənəsi var.
"Misal üçün bizim bir xalq olaraq, ən əzizimiz, doğmamız dünyasını dəyişəndə orada ağlayarıq, sızlayarıq, matəm ab-havasını yaşayarıq. Necə ki, bizim 44 günlük müharibədə şəhidlərimiz gəldi. Allah cəmi şəhidlərimizə rəhmət etsin. O şəhidlərimiz xalqın əmin-amanlığını təmin etdi. Xalqın namusunu qorudu, Azərbaycan dövlətçiliyini, Azərbaycan torpağını ayaqda saxladı. Bizim bu cür şəhidlərimiz, qəhrəmanlarımız olub. Biz daxilimizdə qəlb daşıyırıq, daş daşımırıq ki. Bizdə də insanıqsa, insan olaraq mərhəmət hissi var bizdə. O ki, şəhidlərimiz gələndə onlara ağlayırdıq, sızlayırdıq, əza saxlayırdıq, eləcə də Həzrəti İmam Hüseyn əleyhissalam üçün də Azərbaycan xalqının adət-ənənəsidir ki, hər il Aşura günü məscidlərdə cəm olaraq, Həzrəti İmam Hüseynə ağlayarlar, gözyaşı axıdarlar. Bu, xalqın adət-ənənəsidir. Buna toxunmaq olmaz. Bu, içdən qaynaqlanan bir amildir, bir hissdir. Biz ona müqavimət göstərə bilmərik.
Amma qan vermək mövzusuna gələndə səxavətli olmaq, hər hansısa bir xəstənin həyatını qurtarmaq yalnız və yalnız Məhərrəm ayına aid deyil. Biz bütün aylarda insan olaraq, cəmiyyətimizə, xalqımıza xidmət etməliyik. Qanla, maddi cəhətdən və s.”-deyə ilahiyyatçı əlavə edib.
İlahiyyatçı bildirib ki, qan vermək təkcə, Məhərrəm ayına aid deyil. Bu, insanın içindən gəlirsə, bütün aylarda Ramazan ayında da, Zilhiccə ayında da qan verməklə savab əldə edə bilər.
İradə Cəlil, Bizimyol.info