Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkəmizdəki su itkisinin önlənməsi üçün qazıntılar aparılmalı və su paylayıcı şəbəkə xətləri yenilənməlidir"
"Ölkəmizdəki su itkisinin önlənməsi üçün qazıntılar aparılmalı və su paylayıcı şəbəkə xətləri yenilənməlidir"

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, adam başına gündəlik orta hesabla 150 litr olan su istehlakını 2030-cu ilə qədər 120 litrə, 2050-ci ilə qədər isə 100 litrdən aşağı salmaq hədəflənir. Qlobal iqlim dəyişikliyinin ən çox su qaynaqlarını təhdid etdiyinə diqqət çəkən Yumaklı, təbiətə uyğun texnologiyalar inkişaf etdirərək resursların düzgün idarə edilməsinin zəruri olduğunu qeyd edib. Yumaklı bildirib ki, Dünya Resursları İnstitutunun 2023-cü il qiymətləndirmələrinə görə, Türkiyə su qıtlığı riski ən çox olan 25 ölkə arasındadır.

Ekoloq Rövşən Abbasov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə içməli su təchizatı sistemlərində çox effektiv su təchizatına keçmək məqsədini hədəfləyir.

Rövşən Abbasov Rövşən Abbasov

“Adambaşına 100 litr və daha aşağı kifayət qədər yaxşı rəqəmlərdir. Qeyd edim ki, bu rəqəmlərin yüksək olması daha çox su itkiləri ilə əlaqəli olur. Məsələn, Azərbaycanda vaxtı ilə adam başına Bakı şəhərində 400 litr su istehlak olurdu. Onun təxminən 250 litrə yaxını ümumiyyətlə itkiyə gedirdi. Yerdə qalan 150 litr insanlar tərəfindən işlədilirdi. Yəni biz bugünkü statistikaya fikir versək, yenə də bizdə su istehlakı şəhər yerlərində 100-150 litr arasındadır. Bəzi hallarda bu rəqəm 200-250 litrə qalxır”-deyən ekoloq bildirib ki, bu da daha çox su paylayıcı şəbəkələrdəki su itkiləri ilə bağlıdır.

“Su itkiləri su paylayıcı şəbəkələrdə orta Avropa şəhərində 50%-ə çatır. Bakıda da bu həcm təxminən 50%-dir. Bu, kifayət qədər böyük rəqəmdir. Yəni, su itirilir. İtirilən suyun mütəmadi azaldılması və minimuma endirilməsi üçün su paylayıcı şəbəkənin tədricən yenilənməsi lazımdır. Azərbaycanda da bu istiqamətdə işlər görülür. Əlbəttə ki, çox çətindir. Bu istiqamətdə ayrı-ayrı planlar cızılır, investisiyalar yatırılır. Nəzərə alaq ki, su xətləri yerin altındadır. Onu qısa müddət ərzində sehirli çubuqla düzəltmək mümkün deyil. Bütün su xətlərinin yenilənməsi üçün hər tərəf qazılmalı və o xətlər yenidən çəkilməlidir. Bu da reallıqda çox çətindir. Ciddi infrastruktur problemlərinin həll olmasını tələb edir. Məsələn; elə yerlər var ki, orada yerin altında su itkilərinin olduğunu hamı bilir. Amma o ərazini qısa müddətdə qazmaq sadəcə mümkün deyil”-deyən ekoloq vurğulayıb ki, son zamanlar yollar çəkiləndə və ya qazılanda infrastrukturla bağlı bütün qurumlara məlumat verilir ki, "Xətlərinizi yoxlayın. Əgər xətlərinizdə nasazlıq varsa, dəyişin". Əks halda, hər bir təşkilat istədiyi yeri qazıb, orada öz xəttini dəyişə bilməz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »