İran hakimiyyəti ABŞ prezidenti Co Baydenin Qəzza zolağında münaqişənin həlli planını rədd edir və hesab edir ki, Vaşinqton İsrailə silahlar verməklə “vicdansız vasitəçi” kimi çıxış edir.
Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani deyib.
“Biz ABŞ-ı Fələstin və Qəzza ilə bağlı məsələlərdə dürüst vasitəçi hesab etmirik. Bu gün o, Qəzza və Fələstində qadın, uşaq, yeniyetmə və qocalar da daxil olmaqla günahsız və köməksiz insanları qətlə yetirən sionist rejimin ən böyük və ən mühüm öldürücü silah tədarükçüsüdür”, - deyə siyasətçi "Newsweek" jurnalına müsahibəsində bildirib.
“Əgər amerikalılar vicdanlı vasitəçi kimi çıxış etmək istəyirlərsə, onlara böyük bir sövdələşmə təklif etmək lazım deyil – sadəcə olaraq İsrailə öldürücü silah tədarükünü dayandırın”, - deyə nazir əvəzi vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasını sionist rejimin növbəti vəhşilik və qətllərdən çəkindirmək üçün bütün imkan və potensialından istifadə etməyə çağırıb.
İyulun 15-də Baqiri Kani BMT Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlərdə çoxtərəflilik, o cümlədən Yaxın Şərqdəki vəziyyət, eləcə də Fələstin məsələsi üzrə nazirlər səviyyəsində keçirilən iclaslarında iştirak etmək üçün Nyu Yorka gedib.
Mayın 31-də Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur. Bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və qarşılıqlı anlaşma əldə olunana qədər atəşkəs qüvvədə qalmalıdır.
İkinci mərhələ bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsini, üçüncü mərhələ - Qəzza zolağının bərpasını və həlak olan israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsini nəzərdə tutur.
İyunun 15-də İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Baydenin dəstəklədiyi razılaşma planına 29 dəyişiklik istəyib, İsrailin baş naziri Benyamin Netanyahu isə bunların hamısını rədd edib.
Qadir, Bizimyol.info