Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılmasını İrəvanla Bakı arasında sülh müqaviləsinin yekun addımı adlandırıb. Rəcəb Tayyib Ərdoğan bildirib ki, dəhliz işə düşəndən sonra hamı üçün işləri asanlaşdıracaq. “Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə fikrimizi çatdırdıq. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması isə sülh sazişinin yekun mərhələsidir”, - deyə Türkiyənin dövlət başçısı bildirib.
Milli Məclisin VI çağırış deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rəcəb Tayib Ərdoğanın dediyi söz iki qardaş ölkənin birgə qərarıdır.

“Bu, heç bir şübhə doğurmamalıdır. Çünki iki qardaş ölkənin bir çox məsələlərdə mövqeyi eynidir. Beynəlxalq münasibətlərdə də eyni mövqeyə sahibik. Bu da onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri hər gün daha da yüksək mərhələlərə yüksəlir”-deyən deputat qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman Türkiyəyə dəstək olub.
“Həm sülh müqaviləsi bağlamaq, həm də Zəngəzur yolunu açmaq Ermənistan üçün şərəfdir. Çünki bu təkcə Ermənistana yox, “3+3” formatında olan bütün ölkələrin ticarət əlaqələrini artırmaq üçün böyük bir şans yaradır. Bu səbəbdən də, Ərdoğan bunu bu formada deyir”-deyən deputat vurğulayıb ki, Türkiyə Azərbaycanın və Azərbaycan da Türkiyənin mövqeyini həmişə dəstəkləyir.
“Burada başqa bir fikir yaranmamalıdır. Biz həmişə bir yerdə olmuşuq və biz həmişə düşünmüşük ki, beynəlxalq məsələlərin həllinə eyni mövqedən baxaq və addım ataq”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info