Avropa rəsmiləri ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsdin Amerika demokratiyasında böhrana səbəb olacağından və ABŞ-ı dünya səhnəsində daha həssas vəziyyətə salacağından ehtiyat edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Foreign Policy” (FP) jurnalı avropalı diplomatlara istinadən məlumat yayıb.
“Qorxuram ki, cin şüşədən çıxmış olsun. ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlı zorakılıq olmasaydı, xoş təəccüblənərdim”, - deyə adı açıqlanmayan avropalı diplomat "FP"yə şərhində bildirib. Jurnal qeyd edir ki, ABŞ-ın diqqəti hələ Trampa qarşı sui-qəsd cəhdindən əvvəl də xarici siyasətdən daxili siyasətə keçib.
Nəşrin yazdığına görə, bununla belə, iyulun 13-dən sonra, ABŞ-ın müttəfiqləri siyasi sistemdə “Vaşinqtonun böyük sarsıntıların öhdəsindən gəlmək qabiliyyətinə daha az optimist” oldular. “Amerikanın 40-cı prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdindən sonra Birləşmiş Ştatların müttəfiqləri ilə işləməyə hazır olduğuna daha çox inam yarandı. Onda heç kim sistemin işlədiyinə şübhə etmirdi. Və indi? Böyük şübhələr var”, - deyə yüksək səviyyəli avropalı diplomat qeyd edib.
Jurnalın məlumatına görə, hazırkı və keçmiş avropalı diplomatlar da Vaşinqtonun əleyhdarlarının Birləşmiş Ştatlarda daxili siyasi vəziyyətin pisləşməsindən istifadə edə biləcəyindən qorxduqlarını bildiriblər. “Əgər Amerika bu cinayətdən sonra daha da böyük qütbləşmə ilə üzləşsə, bu, Rusiyanın böyük qələbəsi olacaq”, - deyə “Foreign Policy”nin həmsöhbətlərindən biri deyib.
Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası mitinqində baş verib. Güllə eks-prezidentin qulağına dəyib, həyatı təhlükədə deyil. Atışma nəticəsində onun tərəfdarlarından biri həlak olub. Hücumu törədən 20 yaşlı Tomas Metyu Kruks öldürülüb. Hadisəni törədənin motivləri hələlik məlum deyil.
Qadir, Bizimyol.info