Onlarla nümayişçi Təl-Əvivin şərq hissəsindəki Ayalon şossesinə çıxaraq Qəzza zolağında saxlanılan girovların tezliklə evlərinə qayıtmasını tələb edərək, Təl-Əviv metropoliteninin əsas nəqliyyat marşrutlarından biri boyunca hərəkəti bağlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Portalın verdiyi məlumata görə, aralarında radikallar tərəfindən oğurlananların qohumlarının da olduğu nümayişçilər İsrail hakimiyyətindən Qəzzadan girovların dərhal azad edilməsini tələb edirlər.
Qeyd edək ki, oktyabrın 7-də Həmas İsrailə gözlənilməz hücum edib, dinc insanları öldürüb və girov götürüb. Bundan sonra İsrail Qəzzanı mühasirəyə almaq barədə qərar verib və fələstinlilərin ölümü ilə nəticələnən hücumlara başlayıb.
Noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar barışıq yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozuldu, döyüşlər yenidən başladı və bu gün də davam edir. İsrailin son məlumatlarına görə, Qəzza zolağında hələ də 120 nəfər girov saxlanılır.
Qadir, Bizimyol.info