Müdafiə Nazirliyi və ona tabe qurumlarda 143 milyon manat mənimsəmə ilə bağlı məhkəmə prosesində 2015-2019-cu illərdə nazirlikdəki xərclərlə bağlı maliyyə hesabatı açıqlanıb. Hesabatda Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxov üçün armudu stəkan və şərabların alınmasına 29 min manat büdcə vəsaitinin xərcləndiyi göstərilib.
Bizimyol.info xəbər verir ki, 4 ili əhatə edən bu maliyyə hesabatını Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərib. Çünki 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işinin istintaqı DTX-nın İstintaq Baş İdarəsində aparılıb.
Hesabat 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan 4 nəfərin – Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin məhkəməsində açıqlanıb.
Bu şəxslərin işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə baxılır. Hakim məhkəmədə təqsirləndirilən şəxslər haqqında onların keçmiş iş yerlərindən verilmiş xasiyyətnamələri, həmçinin Müdafiə Nazirliyindən istintaqa göndərilmiş maliyyə hesabatını elan edib.
Təqsirləndirilən şəxslərdən yalnız Cəlal Kazımov haqqında mənfi rəy verilib. O da bu rəylə razılaşmır, onu qərəzli hesab edir.
Maliyyə hesabatında isə qeyd olunub ki, 2015-2019-cu illərdə Müdafiə Nazirliyinə ayrılmış büdcə vəsaitindən 713 min manat tədbirlərə yönəldilib. Tədbirlər çərçivəsində 60 min manata “Ağ Çiçəyim” mağazalar şəbəkəsindən gül dəstələri, 14 min manata dibçəklər açılıb.
Keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıxov üçün hərəsində 6 ədəd olan 6 dəst armudu stəkana 21 min manat pul ayrılıb. Həmçinin onun üçün şərablara 8 min manat pul verilib. Hesabatda yazılıb ki, Nəcməddin Sadıxov üçün alınan şərabların hər biri 100 manat olub.
Müdafiə Nazirliyindəki mənimsəmələrlə bağlı məhkəmə proseslərində Nəcməddin Sadıxovun adı bundan əvvəl də dəfələrlə hallanıb. Onun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatətlər də qaldırılıb.
Məhkəmədə dindirmələr zamanı bildirilib ki, nazirliyin elan etdiyi tenderlərdə hansı şirkətlərin qalib elan olunmasına Nəcməddin Sadıxov göstəriş verirdi. Həmin şirkətlərə köçürülən vəsaitlərin 20 faizi geri alınırdı. Geri alınan məbləğin əsas hissəsi də Nəcməddin Sadıxova çatırdı.
General-polkovnik Nəcməddin Sadıxov məhkəməyə çağırılmayıb. O, ünvanına səslənən ittihamlara da cavab verməyib.
1956-cı il təvəllüdlü Nəcməddin Sadıxov 1993-cü ildən 2020-ci ilə qədər – 27 il Azərbaycan Ordusunun Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Aytən, Bizimyol.info