Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tehran qambiti" və ya İranın yeni geosiyasi gündəliyi
"Tehran qambiti" və ya İranın yeni geosiyasi gündəliyi

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini bərpa edib. Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, səfir və səfirliyin heyəti İrana geri dönüb. Məlumatda o da bildirilir ki, Azərbaycanın Tehrandakı səfirliyi yeni ünvanda yeni bina ilə təmin edilib, mühafizəsi təşkil edilib. Azərbaycanın diplomatik nümayəndəliyinin və diplomatlarının təhlükəsizliyinə İran tərəfi təminat verib.

Məlum olduğu kimi, 27 yanvar 2023-cü ildə Tehranda Azərbaycan səfirliyinə hücum olmuşdu. "Kalaşnikov" tipli avtomat silahla silahlanmış Yasin Hüseynzadə adlı İran vətəndaşı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu şəhid etmiş, daha bir nəfər mühafizəçini yaralamışdı. Azərbaycan tərəfi, eləcə də, BMT, NATO, Avropa İttifaqı, GUAM kimi təşkilatlar, dünyanın 60-dan çox ölkəsi bu hücumu terror aktı kimi qiymətləndirmiş və pisləmişdi. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi açmışdı. Bu, doğrudan da, terror aktı idi. Təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyev qəhrəmanlıq və yüksək peşəkarlıq göstərərək silahlı terrorçunu zərərsizləşdirməsəydi, daha çox diplomat və onların ailə üzvləri həlak ola bilərdi. Hadisədən sonra - yanvarın 30-da səfirliyin əməkdaşları və ailə üzvləri İrandan Azərbaycana təxliyyə edilmişdi. Bu hadisə Azərbaycanla İran arasında münasibətləri pik həddə qədər gərginləşdirmişdi. Azərbaycan İran dövlətindən terrorçuya qarşı adekvat cəza tələb etmiş və bildirmişdi ki, İran beynəlxalq konvensiya ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyincə (diplomatların təhlükəsizliyinə tam təminat verməyincə) Tehranda səfirlik fəaliyyətini bərpa edə bilməz. Bundan sonra İran məhkəməsi Yasin Hüseynzadə barəsində edam hökmü çıxarmış, İran rəhbərliyi Azərbaycan tərəfi ilə münasibətləri qaydaya salmağa çalışmışdı. İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölümündən və Məsud Pezeşkianın prezident seçilməsindən sonra münasibətlər əvvəlki məcrasına qayıdır.

Əlbəttə, Pezeşkian İran dövlətinin xarici siyasətini 180 dərəcə dəyişə bilməyəcək; "İslam Respublikası" adlanan İranda real hakimiyyət Ali Dini Rəhbərin əlində cəmləşib. SEPAH hələ də İranın daxili və xarici siyasətinə həlledici təsir faktoru olaraq qalır. Ancaq İranda onu da başa düşürlər ki, xüsusilə, region ölkələri ilə sərt konfrantasiya İranın özünə zərər verir. Ona görə də Ali Dini Lider İranın yeni prezidenti ilə siyasi kursu tam olmasa da, siyasi ritorikanı dəyişməyə, ən azı imitasiya etməyə çalışır. Xüsusilə, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sair ölkələrlə münasibətləri dərinləşdirməyə çalışacaqlar. Bu sırada Türkiyə önəmli yer tutur; türk əsilli şəxsin prezidentliyə namizəd kimi seçkiyə buraxılması və prezident seçilməsinə imkan verilməsi İranın xarici siyasətində türk faktorunun təsiri ilə bağlıdır. Türkiyənin hazırkı xarici siyasət kursu çoxvektorlu və əvvəlkindən də daha çevikdir. Türkiyə ABŞ-la, Avropa İttifaqı və eləcə də, Böyük Britaniya ilə də münasibətlərini qoruyub saxlayır, NATO-da üstün (birinci beş gücdən biri kimi) mövqeyini sabit tutur. Eyni zamanda Rusiya və Çinlə əlaqələrini inkişaf etdirir. Türkiyə Ərəb dünyasında güclü təsir formalaşdırıb. Aralıq dənizində xeyli güclənib. Bir vaxtlar Misirlə, Səudiyyə Ərəbistanı ilə, Birləşmiş Ərəb Əmirlikləri ilə pozulmuş və ya gərilmiş münasibətlərini bərpa edib. Hazırda Suriya ilə münasibətləri bərpa etmək üçün proses başladıb. Cənubi Qafqaza gəlişi və Mərkəzi Asiyaya keçməsi artıq reallaşıb; Türk Dövlətləri Təşkilatı formatında türk birliyi inşa edilir, türk etnosunun siyasi gücü yönləndirilir. Eyni zamanda müsəlman dünyasının liderinə çevrilməkdədir. Qlobal ABŞ-Çin qarşıdurmasında açıq və birmənalı iştirakdan kənar duraraq Türkiyə eyni zamanda bu konfrontasiyanın yaratdığı fürsətlərdən yararlanmağa çalışır. İran isə, xüsusilə, Rəisi dönəmində bir sıra bölgələrdə mövqelərini uduzdu. Həm də çox yerdə Türkiyəyə uduzdu. Qəzza bölgəsində, Yəməndə, Qırmızı dənizdə, Cənubi Qafqazda hər nə qədər dirənsə də, xeyli güc itirdi. Əfqanıstanla və Pakistanla açıq müharibənin astanasından döndü. Rusiya ilə belə münasibətlərində ara-sıra gərginlik yaşadı.

Hətta daim dəstəklədiyi kiçik Ermənistan belə İranın üzünə gülümsəsə də, üzünü ABŞ-a və Avropaya tərəf tutub. ABŞ-ın bölgəyə gəlişi təhlükəsi fonunda Tehran türk faktoruna sığınıb, vaxt udmağa, ayaqda qalmağa çalışır. İranın yeni dönəmdə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirakı da ehtimal olunur. Tehranda anlayırlar ki, İran Yaxın və Orta Şərqdə gücünü, Qafqaz və Mərkəzi Asiya regionlarında təsirini itirdikcə, bir yandan, ABŞ və İsrail qarşısında daha zəif düşür. İkincisi, Çin üçün də cazibəsi və önəmi azalır. Çinin, eləcə də, Rusiyanın həyati maraq ölçüsündə dəstəklədiyi "Orta dəhliz" layihəsinə qarşı çıxmaq İranın bölgəsində və ümumiyyətlə, Avrasiyada tənhalaşmaya sürükləyə bilər. Çin Orta Şərqi və Körfəz bölgəsini yenidən və öz maraqlarına uyğun dizayn edir. Bu üzdən Səudiyyə Ərəbistanı ilə İranı barışdırmağa çalışır. Eləcə də, başqa mühüm körfəz ölkələrini. İran Rəisi rejimi ilə buna gedə bilməzdi; manevr edildi və siyasətində korrektələrə gedəcək. Pezeşkianın "açılım" vədləri də bununla bağlıdır. Əlbəttə, İran çox da irəli gedə bilməz; rejimin daxili mahiyyəti buna imkan verməyəcək. Ancaq öz daxili sabitliyini və xaricdə təsir bölgələrini qoruyub saxlamaq üçün müəyyən addımlar gözləniləndir. Azərbaycan səfirliyinin Tehranda yenidən fəaliyyətə başlaması da bu addımlardan biridir. Həyat, zaman, hadisələrin inkişafı göstərdi ki, Azərbaycanın İrana qarşı siyasi tutumu, siyasi manevri doğruymuş. Azərbaycan bölgədə və dünyada gedən proseslərin əsl məğzini, yeni geosiyasi reallıqları və çağırışları daha tez tuta bilib. Təbii ki, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə birlikdə "Türk ailəsi" formalşdıra bilmək böyük nəticə idi. Prezident İlham Əliyev: "Türk dünyası bizim ailəmizdir" deyəndə çoxları bunun nə demək olduğunu anlamamışdılar. Anlamağa gecikənlərdən biri də İbrahim Rəisi rejimi oldu; Azərbaycana qarşı, Avrasiyada güclənən türk faktoruna qarşı dirənişin yanlış olduğunu anladı. Ancaq özü üçün çox gec idi; İranın real hakimiyyəti uduzduğu oyunu dayandırdı, kartları yenidən qarışdırıb, oyunu yenidən başlamağa məcbur oldu. Hər bir halda İranda Azərbaycanın önəmini anlamışlar: bu, müsbət bir siqnaldır. Əhalisinin çox böyük bir hissəsi türk kökənli olan İran bəlkə "türk ailəsi" formatına qoşulub, yaxud söykənib yoluna davam edəcək bəlkə... Az inandırıcıdır, amma heç vaxt heç nəyi istisna etmək olmaz. Hadisələrin, proseslərin sonrakı inkişafını izləyək.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »