Son günlər nəzarətsiz çimərliklərdə ölümlə nəticələnən batma halları müşahidə edilir.Bir neçə gün öncə Zirədə 3 yeniyetmə və Bilgəhdə çimərlikdə bir uşaq batıb.
Yeniyetmələrin və uşaqların batmasının əsas səbəbi, nəzarətsiz buraxılmalarıdır. Hər bir valideyn övladını dənizə aparırsa, bunun məsuliyyətini də dərk etməlidir. Çünki yeniyetmə və uşaqlar dənizin nə qədər təhlükəli olduğunu bilmir və “mən daha uzağa gedə bilərəm” iddiası ilə dərinliklərə can atırlar. Odla və su ilə oynamaq isə can bahasına başa gəlir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili, Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar tərəfindən nəzarətsiz qeyri çimərlik ərazilərinə, çaylardan, süni göllərdən, suvarma kanallarından, su arxlarından və digər su hövzələrindən istifadə hallarına rast gəlinir. Bu da sonda acı nəticələrə gətirib çıxarır.

“Sadalanan bu su hövzələri qeyri-müəyyən dərinliyə, məhdud görüntüyə, sürətli axına və digər təhlükəli xüsusiyyətlərə malik olduğu üçün bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı çimərlik seçimində daha da diqqətli olmalıyıq. Əgər getdiyiniz ərazidə xilasedicilər yoxdursa, xilasetmə texnika və vasitələri mövcud deyilsə, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyi və bu çimərliklərdən istifadənin təhlükəli olduğu danılmadır. O cümlədən çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti və günün tövsiyyə olunan saatları da olduqca önəmlidir. Bildiririk ki, küləkli havada və dalğalı dənizdə xüsusən küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və hava qaraldıqdan sonra çimərliyə girmək suya girmək təhlükəlidir”-deyə Aqşin Əlili vurğulayıb.
İradə Cəlil, Bizimyol.info