Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd əd-Deyfin ölümü ilə bağlı İsrail tərəfindən hələ ki, təsdiqlənməyib.
Bizimyol.info xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.
“İsrail dövləti ordunun və Baş Təhlükəsizlik Xidmətinin köməyi ilə bu gün Qəzza zolağında Məhəmməd əd-Deif və onun müavini Rafiya Sələməni məhv etmək məqsədi ilə zərbə endirib. Onların məhv edilməsi barədə hələlik dəqiq məlumat yoxdur, lakin mən sizə zəmanət vermək istəyirəm ki, bu və ya digər şəkildə bütün HƏMAS rəhbəri bunu görəcəklər”, -deyə o, mətbuat konfransında bildirib.
Netanyahu qeyd edib ki, o, İsrail tərəfinin əldə etdiyi kəşfiyyat məlumatları əsasında hazırlanan bu əməliyyatı təsdiqləyib. Baş nazir vurğulayıb ki, əd-Deif Həmas iyerarxiyasında ikinci şəxsdir. “O, 7 oktyabr qırğınını və bir çox başqa terror aktlarını planlaşdırıb və ona rəhbərlik edib, əlləri israillilərin qanına bulaşıb”, - deyə hökumət başçısı bildirib.
Baş nazir xatırladıb ki, Qəzza zolağında hərbi əməliyyatların lap əvvəlindən o, HƏMAS rəhbərliyinin məhv edilməsi barədə göstəriş verib. Onun fikrincə, bu, İsrailin bu münaqişədə məqsədlərinə çatmasını daha da tezləşdirəcək. “Bu, HƏMAS-ın özünün məhv edilməsi, oğurlananların azad edilməsi və Qəzzadan İsrail üçün təhlükənin aradan qaldırılmasıdır. Bu, həm də İranın peyklərinə və İranın özünə qarşı açıq-aşkar çəkindirici siqnaldır”, - deyə Netanyahu qeyd edib.
Dəqiqləşdirici suallardan birinə cavab verən hökumət başçısı Qəzzaya edilən bu hücumun anklavda hərbi kampaniyada dönüş nöqtəsi olduğu və buna görə də mətbuat konfransı keçirmək qərarına gəldiyini bildirib.
“Mən bu gün danışıram, çünki bu, mühüm dönüş nöqtəsidir. Nəticəni hələ bilməsək də, HƏMAS-ın rəhbərliyini məhv etmək niyyətimizin özünün hərəkəti, nümayişi HƏMAS-a və bütün dünyaya HƏMAS-ın günlərinin sayılı olduğunu göstərir”, - deyə qeyd edib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, İsrail ordusunun məlumatına görə, Fələstin radikal HƏMAS hərəkatının silahlı qanadının iki yüksək rütbəli üzvünün gizləndiyi Qəzza zolağının ərazilərindən birinə zərbələr endirilməsi barədə faktı təsdiqləyib.
Ordu radikalların “mülki əhali arasında” gizləndiyini və zərbənin özünün “ağaclar, bir neçə bina və tövlə ilə əhatə olunmuş açıq ərazidə” aparıldığını vurğulayıb.
Ordunun bəyanatında heç bir ad açıqlanmayıb. “The Times of Israel” hərbi mənbələrə istinadən yazıb ki, zərbənin hədəfi əd-Deif və Sələmə olub.
Qadir, Bizimyol.info