"50 qəpiklik avtobuslar" silsiləsindən...
İctimai nəqliyyatda gedişhaqqının gözlənilmədən 10 qəpik bahalaşması və xidmətin keyfiyyətinin hər keçən gün geriyə getməsi ictimaiyyətdə qıcıq və narahatlıq yaradıb. Bütün bu problemlər fonunda qıcıqlandırıcı və məntiqdənkənar qərarların qəbul edilməsi artan statistika ilə davam edir. Gedişhaqqının 10 qəpik bahalaşması yetməzmiş kimi, ödənişli dayanacaqlara daxil olan sürücülərin mobil nömrə balansından 10 qəpik də belə tutulur. AYNA bu barədə açıqlama verərək, bildirib ki, həmin pulu Nəqliyyat Agentliyi yox, "Bakcell" və "Nar" mobil operatorları tutur: ""Azparking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya tutulmur".
Yaranmış vəziyyət sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Əli Əyyubzadə yazır ki, 1 SMS-in qiyməti 1.5 qəpikdir: "Aylıq 30 milyon dəfə istifadə edilsə, 2.5 milyon manatdan çox təmiz qazanc təkcə SMS-dən olacaq. Mübarəkdir".
Bəziləri isə bu halı "mədəni oğurluq" adlandırıb: "Parkinq ödənişini anladıq, normaldır. Bəs parklanma başladılarkən və son yazılan zaman niyə 10 qəpik çıxılır? Dilənçilərdən bu sistemin fərqi nədir?" - deyə, İlhamə Mir qeyd edib.
Məlumat üçün qeyd edək ki, mobil operatorların vətəndaşlardan dayanacaq SMS-lərinə görə balansından 10 qəpik tutmaları ictimai nəqliyyatın bahalaşmasından dərhal sonra olub. "Azparking"-də giriş-çıxışda göndərilən hər SMS-ə görə 10 qəpik ödəniş tutulur. Əvvəllər isə parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı.
P.S. Burada mərhum Abbas Səhhətin bu misrası yada düşür:
"Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə..."
Qopan bir ipliyin paltarı hissə-hissə sökdüyü kimi, cibimizdəki pullar da qəpik-qəpik boşaldılır. Deputat Elman Nəsirov da deyir ki, "10 qəpiyə görə milçəkdən fil düzəltməyin". Bəlkə də düz deyir. Elə "milçək" qalmaq lazımdır...
Mətin Şükürlü, Bizimyol.info