Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əyləci nasaz avtobuslar yox, kondisioneri işləməyən taksilər cərimələnir... - "50 qəpik" hara gedir?
Əyləci nasaz avtobuslar yox, kondisioneri işləməyən taksilər cərimələnir... - "50 qəpik" hara gedir?

İctimai nəqliyyatda gedişhaqqının 10 qəpik artırılması cəmiyyət tərəfindən qəzəb və streslə qarşılandı. Sosial şəbəkələrdə yazılan rəylər və aparılan sorğular bunu deməyə əsas verir. Xidməti keyfiyyətin qənaətbəxş olmaması əsas gətirilərək taksi fəaliyyətinə çox ciddi məhdudiyyətlər qoyulsa da, eyni ciddilik avtobuslar üçün keçərli deyil. Məsələn, şəhərdaxili və rayonlararası hərəkət edən avtobusların bir çoxu istismar müddətini çoxdan başa vursa da, hələ də yollardadır.  Kondisioner, sağlam oturacaq, təmizlik problemləri bir yana, elə avtobuslar var ki, onların ümumiyyətlə, əyləc sistemi saz vəziyyətdə deyil. Temperaturun 30-35 dərəcə olduğu bir vaxtda bu avtobusların içindəki istilik 40 dərəcəni keçə bilir.

Bu barədə kifayət qədər müraciət və şikayətlər mövcuddur. Ancaq görünən odur ki, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər əməkdaşları qeyd olunan avtobuslardan müntəzəm istifadə etmədiklərinə görə, bu problemlərlə yaxından tanış deyillər.

  • Nəqliyyatda qiymət artımını zəruri edən səbəblər nə idi?

  • Qəfil belə bir qərara gedilməsi nə ilə bağlıdır?

  • Taksilərə sərt məhdudiyyətlər gətirildi. İndi də metro və avtobus qiymətləri 10 faiz qaldırıldı. Nəqliyyatın səmərəliliyi və əlçatanlığı yönündən bu, nə dərəcədə uyğun bir qərar oldu?

Nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalının suallarını şərh edərək, bildirib ki, gedişhaqqının 50 qəpiyə çatdırılması problemləri həll etməyəcək.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

"Qiymətlərin artırılması cəmiyyətdə birmənalı qarşılanmadı. Düşünürəm ki, əslində, tamamilə başqa bir şey - biznes modelinin dəyişiləcəyi və daşıyıcıların maliyyə dayanıqlığının təmin olunacağı gözlənilirdi. Çünki ictimai nəqliyyat sosialyönümlü sahədir, gəlir gətirən sahə deyil. İctimai nəqliyyat hökmən şəhər və yaxud dövlət büdcəsindən subsidiya olunmalıdır. Bizdə illər ərzində subsidiya olunmur. Müəyyən subsidiyalar əgər dizellə bağlı olubsa, onlar da ləğv olunub. Bu gün pandemiyadan sonrakı vəziyyətdə daşıyıcıların vəziyyəti yaxşı deyil. Yaxşı olmaması da xidmətin keyfiyyətinə təsir edir. Yəni nədəsə qənaət edirlər. Bu, ictimai nəqliyyatın həm əlçatanlığına, həm intervalına, həm də sürücülərin cəlb olunmasına birbaşa təsir edir. Ona görə də düşünürəm ki, brutto müqavilələrin tətbiqi daha çox gözlənildiyi halda, qiymət artımı indiki vəziyyətdə yanlış təəssürat yaradacaq. Gedişhaqqının 10 qəpik artırılması, problemləri həll etmə qüdrətində deyil. Əgər elədirsə, o zaman 10 qəpiyi dövlət subsidiyasına əlavə etmək gərəkdir. Qiymətin artırılması doğru qərar deyildi" - deyə, ekspert qeyd edib.

Rauf Ağamirzəyev onu da əlavə edib ki, brutto müqavilələrə keçid artıq hökumətə təqdim olunub və təsdiqi gözlənilir: "İctimaiyyətə bu barədə də məlumat verək ki, həmin qərar öz təsdiqini tapdıqdan sonra müsbətə doğru dəyişikliklər daha da labüd olacaq".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »