Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib
Bayden tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib

ABŞ prezidenti Co Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını etiraf edib, lakin seçki yarışından geri çəkilmək ehtimalını istisna edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika lideri iyulun 12-də Miçiqanda keçirilən mitinqdə bildirib.

“Debatdan sonra mətbuatın məni tənqid atəşinə tutduğunu görmüsünüz. Mən çox səhv edirəm. Məni sərt tənqid etdilər, çünki bəzən adları qarışdırıram. Mən deyirəm ki, bu Çarli, bu da Billdir”, - deyə o qeyd edib. Bayden şikayət edib ki, media onun əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

“Son zamanlar çoxlu spekulyasiyaların olduğunu görmüsünüz. Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O çıxacaq? Cavabım budur: biz seçkilərdə iştirak edirik və qalib gələcəyik. Mən bunu dəyişdirmək fikrində deyiləm”, - deyə Demokratlar Partiyasını təmsil edən Amerika lideri bildirib.

“Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm”, - deyə Amerika lider qeyd edib. Eyni zamanda o, özünü “Demokrat Partiyasının prezidentliyə namizədi” adlandırıb.

Noyabrın 5-də ABŞ-da növbəti seçkilər keçiriləcək. Bayden və Tramp artıq öz partiyalarının prezidentliyə namizədləri kimi rəsmi namizədliyini təmin ediblər. Güman edilirdi ki, onların namizədliyi Respublikaçılar (15-18 iyul) və Demokratlar Partiyasının (19-22 avqust) milli qurultaylarında rəsmən təsdiqlənəcək.

Bununla belə, iyunun 27-də ABŞ-da Trampla keçirilən seçkiqabağı teledebatda Baydenin fiaskosundan sonra, hətta onun həmkarı olan Demokratların düşərgəsində də Ağ Evin hazırkı sahibinə ən yüksək hökumət postunu saxlamaq cəhdlərindən əl çəkməyə çağırışlar getdikcə ucalmağa başlayıb. Demokratların Baydenin yerinə namizəd axtarışında olduğuna dair əlamətlər var.

Cümə axşamı Bayden Vaşinqtonda çıxışı zamanı ukraynalı həmkarı Vladimir Zelenskini təqdim edərkən onu səhvən “Prezident Putin” adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »