İyulun 1-dən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə minib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında ümidlə qeyd olunmuşdu ki, məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.
Bizimyol.info xəbər verir ki, qanunun qəbulu uzun illərdir yubanırdı. Daha dəqiqi, Rəqabət Məcəlləsi 17 ilə yaxındır Milli Məclisin müzakirəsində idi. Mütəxəssislər nikbin fikirlər söyləməyə çalışırlar. Amma tərəddüd içində olanlar da var.
İqtisadçı Vüqar Bayramov bir sıra gözləntilərinin olduğunu gizlətmir. O, həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində azalma olacağını ehtimal edir.
“Qanunun qəbulundan sonra azad biznesin daha da inkişaf etməsi, rəqabətin güclənməsi artıq ortamüddətli dövrdə istehlak bazarındakı qiymətlərə də təsir göstərə bilər. Bütün hallarda məcəllənin qəbulu istehlak bazarında rəqabəti gücləndirəcək. Kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaranmalıdır. Qanunun qəbulu istehlakçıların hüquqlarının qorunması baxımından da vacib idi”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti I Milli Rəqabət Forumunu təşkil edib. İştirakçılardan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən dərhal sonra ilk dəfə belə tədbirin keçirilməsi xeyli əhəmiyyətlidir. Buna baxmayaraq, ürəyincə olmayan məqamları da dilə gətirir: “Forumda çıxış edənlər, panelçilər çox əhəmiyyətli və vacib, amma daha çox konseptual məsələlərə toxundular. Ölkənin rəqabət sektorunda baş verən konkret nümunələrə elə də diqqət yetirilmirdi. Rəqabətli mühitin formalaşmasında problemlər çoxdur. Qiymətlər xeyli qalxıb. Məsələn, görünən odur ki, aparılan islahatlar nəticəsində taksi sektoru hələlik rəqabətli mühitdən rəqabətsiz mühitə keçib. Qiymətlər qalxıb, keyfiyyət də hələlik dəyişməyib. Xeyli sayda taksi sürücüləri işsiz vəziyyətə düşüb. Vəziyyət düzələcəkmi? Digər bir nümunə yeni tikilən binalarda provayderlər yeni inhisarçı sahə, “bir bina bir provayderindir” prinsipi ilə haqsız rəqabət mühiti yaradıb və antiinhisar xidməti bu istiqamətdə hələlik nəsə edə bilməyib. Bu tip suallarıma forumda elə də ağlabatan cavablar ala bilmədim. Dedilər ki, yaxşı olacaq”.
Ekspert çox vacib məqama toxunub. Sahibkarlığı rəqabətsiz mühit boğur. Lap əvvəldən isə vacib suallara cavab verməyə tələsmirik.
Aytən, Bizimyol.info