Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1003,3 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artım var. Amma bir ay əvvəlki hesabatda rəqəm daha böyük idi. Yəni 4,2 manat azalma qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, 2024-cü ilin iyunun 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Onların 893 mini dövlət, 856 mini özəl sektorunda işləyib.
Muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsi bildirir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, o cümlədən, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq əməkhaqqı daha yüksək olub.
Adətən, rəsmi statistikada orta aylıq əməkhaqqının artdığı qeyd olunurdu. Rəqəmlərin kiçilməsi xeyli təəccüblü görünür. Sosial platformalarda bu məqamı lağ ediblər. Sosial şəbəkə istifadəçilərindən biri yazıb ki, yəqin minimum əməkhaqqı səviyyəsində məvacib alanlardan kimsə işini itirib deyə, belə mənzərə yaranıb.
Ümumiyyətlə, insanlara orta aylıq əməkhaqqının həcmi inandırıcı görünmür. Aytəkin Bəşirova yazır: “Mən müəlliməm. Məktəbdə 337, mühəndis olan həyat yoldaşım isə idarədə 396 manat maaş alır. İkimiz da ali təhsilliyik, amma ümumi gəlirimiz cəmi 733 manatdır. Necə bir nəfər üçün orta əməkhaqqı 1000 manat ola bilər? Kim alır o maaşı və ən önəmlisi bizim maaşımız nə vaxt artacaq?”
Günay Nəzirova çox maraqlı fikir ortaya qoyub: “Orta maaş deyəndə ki... 2000 manat maaş alan onu öz evinə, 345 manat minimal maaş alan öz evinə aparır. Azərbaycanda minimal əməkhaqqı 345 manat yox, 600-700 manat olmalıdır. 345 manatla yaşamaq mümkün deyil”.
Həqiqətən də, orta aylıq əməkhaqqı heç nəyi ifadə etmir. Median əməkhaqqı gerçək mənzərəni ortaya qoyur. Muzdla işləyənlərin yarısı 460 manatdan az qazanır. Əksər iş elanlarında da 400-500 manatlıq təklif görürük. Minimum əməkhaqqının məbləği çox aşağıdır. Bu azı iki dəfə artırılmayınca rəqəmlər heç vaxt inandırıcı görünməyəcək.
Aytən, Bizimyol.info