"Beynəlxalq sanksiyalar və iqtisadi fəlakət İranın Avropa ölkələri ilə ticarət əlaqələri qurmasına mane olur. Bu səbəbdən də İran çalışır ki, Azərbaycanla münasibətlərini normallaşdırsın və iqtisadiyyatını Azərbaycan vasitəsilə artırsın".
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, son aylarda İran İslam Respublikasının Ermənistanla münasibətlərində soyuqluq müşahidə edilir. Bunun səbəbi də İranın Rusiyaya yaxınlığıdır.
“Tehranda erməni lobbiçiləri daha əvvəllər olduğu kimi fəaliyyət göstərə bilmirlər. Ermənistan Rusiyadan bir qədər uzaqlaşıb və Amerikaya, Fransaya daha çox yaxınlaşıb. İran İslam Respublikası qorxur ki, gələcəkdə Ermənistan Amerikanın amilinə çevrilər və İslam Respublikasının əleyhinə siyasət aparar. Bu səbəbdən də Ermənistanla münasibətlər soyuqlaşıb və Şimali Azərbaycanla münasibətlər yaxşılaşıb. Amma bu da məcburiyyətdəndir. Şimali Azərbaycanla keçmişdəki siyasi addımlar ölkələr arasındakı münasibətləri şikəst edib”-deyən Rəzmi hesab edir ki, Şimal Cənub dəhlizi İrandan, Şimali Azərbaycandan və Rusiyadan keçsə də, hələ aktiv deyil. Bu səbəbdən də İran çalışır ki, bunu hərəkətə gətirsin. Amma Şimal dəhlizinin bu yaxınlarda aktivləşəcəyi gözlənilmir.
Maşallah Rəzminin fikrincə, İran İslam Respublikası zahirdən olsa da, Azərbaycanla özünü dost göstərməyə çalışır və unu da öz iqtisadi mənafeyi üçün edir.
İradə Cəlil, Bizimyol.info