Çilbert Çesterton 19-cu əsr İngiltərəsinin bədii söz və fəlsəfi fikir öncüllərindən idi. Hətta Frans Kafka kimi "dahi tənha" belə Çestertonu yüngülvari "qınamışdı".
Kafka qələmdaşının "Ortodoksiya" və "Cüməaxşamı adlanan adam" kitabları haqqında belə demişdi: ""Titanik" okeanın dibinə qərq olarkən orkestr hələ də çalmaqda davam edirdi. Ümidsizliyə məhz bu cür üstün gəlmək mümkündür".
Bəli, rejissor Ceyms Kemeron 1997-ci ildə çəkdiyi məşhur "Titanik" filmində də həmin səhnəni canlandırıb. Nəhəng gəmi batmaqdadır, insanlar sulara qərq olur. Okeanın ortasında mini-apokalipsis yaşanır... Ancaq orkestr hələ də şedevr bəstələri ifa etməkdədir; sanki ətrafda baş verənlərdən xəbərsizdir onlar. Sadəcə, həmişəki kimi öz işlərini görürlər.
Yox, o musiqiçilər ətrafda yaşanan faciəni görür, eşidir və hiss edirdilər. Ancaq musiqi melodiyaları ilə ümidsizliyə qalib gəlirdilər. Sonda orkestrin ifaçıları da bir-birinin ardınca okeana düşdü. Hələ ayaq üstündə qalan isə şux sinfonik romans çalmaqda davam edirdi. Sonda o da düşdü.
Bir də qarşında Allahın verdiyi qədər xoşbəxt ömür yolu ola, ancaq sən ümidsizlik uçurumunu seçəsən. Kafka, özünün dediyi kimi, o "Allahsız zəmanədə şən olmaq lazımdır" deyirdisə, Allahını tapmış, Allahına bağlı biri nədən dibsiz qüssə yarğanına könüllü yuvarlansın ki?! Nədən Aşuraya, sadəcə, qan, göz yaşı, faciə, müsibət tərəfindən baxsın ki?! Nədən insanlar axın-axın küçələrə tökülüb, göz yaşını sel kimi axıtsın?! Öz ailəsi, övladları ilə, sevdikləri və sevənləri ilə birlikdə zalım Ölümün üstünə gülə-gülə gedən İmam Hüseyn kimi qəhrəmanı ifrat dərəcədə ağlaşaraq, onun Həyat qarşısında məzlum obrazını niyə yaradırıq ki?! Kimə gərəkmiş bu obraz?! Məncə, İmam Hüseynin qətlinə ağlamaq deyil, qatilə necə meydan oxuduğunu anlatmaq lazımdır. İmam Hüseynin gerçək obrazını onun qəhrəmanlığını anlatmaqla yaratmaq və yaşatmaq olar. Qəhrəman, şəhid isə ölümsüzdür. Ölünü ağlayarlar, dirini yox!
Şəhidin cismi torpağa düşər, amma ruhu Allahın dərgahındadır. Allah qatına qədər ucala bilmiş bir ruha bu qədər ağlayarlar?! Buna sevinmək, qürur duymaq, ibrət almaq varkən...
Allaha sevgini rituallara bağlılıqla qarışıq salmayaq. Ələlxüsus da şərtləndirməyək. Məzhəbçilik Allaha dair sərbəst, bəzən də zorakı təfsirlərdir. Allaha sevgi könül işidir. Təfsirləri kimsə qəbul edər, kimsə etməz. Kim hansı təfsirə inanır, özü seçir. Heç inanmayan da özü bilər. Ancaq din adından saysız-hesabsız təfsirçilər var. Allaha, dininə qəlbən, heç bir araçı olmadan bağlı olanların yalançı təfsirçilərə, yanlış təfsirlərə ehtiyacı yox. Mən, məsələn, öz Allahımı təfsirçilərdən yaxşı tanıyıram. İmam Hüseynin şişirdilmiş təfsirə, ifrat təşbehlərə, aşırı ağlaşma ritualçılığına ehtiyacı yoxdur. Şəhidliyin fəlsəfəsi qədərindən artıq kədəri qəbul etmir. İmam Hüseyni sevənlər: "Şükür, belə bir qəhrəmanlıq örnəyim var" deyə sevinməlidir. İmam Hüseyn adına kütləvi ağlaşma səhnələri qurmaq əvəzinə kütləvi anlaşma ortamı yaratmaq Allaha da xoş gedər. Allah hamını içəridən görür axı; bizə baxar və görər, sevib yanına aldığı şəhidin adının ətrafında bəndələri necə anlaşır. Umu-küsüləri unudub, necə qucaqlaşıb qardaş olur. Bütün bunları görən Allah özünə bir daha "Əhsən!" deməzmi?! Əlbəttə, deyər.
Ancaq Allah Aşura günündə bəzi ölkələrdə nə görür! Görür, insanlar özlərini həlak edir; toplaşıb ağlaşırlar, özlərini döyür, xəsarət yetirirlər. Hətta azyaşlı uşaqların belə başını xəncərlə çərtirlər, əzab verirlər... Bunlar isə intihara bərabər əməllərdir. Özünü hər il yaralamaq, öz qanını axıtmaq intihar deyil də, nədir?! İntihar isə böyük günahdır. İntiharı Allah sevməz. İntihar edəni Allah bağışlamaz. İmam Hüseyn saysız-hesabsız münafiq qoşunu qarşısında ümidsizliyə düşüb təslim olmamışdı, intihar etməmişdi. Qətl ediləcəyini bilə-bilə son damla qanına qədər zalım müşrik ordusu ilə savaşmışdı. İmam Hüseyn döyüşə-döyüşə - əsl mömin kimi, əsgər kimi həlak olmuşdu. Bizim müharibədə verdiyimiz şəhidlər kimi.
Bunca ibrətamiz həyat və ölüm hekayəsini kütləvi hüzr və ifratçı hüzn məclisi dərəcəsinə endirmək doğru deyil axı. Heç doğru deyil! Bu cür qəhrəmanlıq hekayəsini ağlaşmaqla deyil, yeni nəsillərə yüksək sənətin, ədəbiyyatın, Sözün, bədii kino sənətinin dili ilə, kitablarla anlatmaq, anlatmaq lazımdır. Budur doğru olan...
...Şeyx Şamil əmr etmişdi ki, düşmənlə döyüşdə şəhid olanlara heç kim ağlamasın. Çünki sənin gözyaşın düşməni gücləndirir. O, ağlayanları cəzalandıracağını demişdi deyə heç kim ağlamırdı. Ancaq döyüşlərin birindən sonra Şamilin anasına söz çatmışdı ki, oğlu şəhid olub. Şeyx Şamil isə həmin savaşdan qələbə ilə dönmüş, anasının ağladığını görmüşdü. Özü öz kürəyini açaraq əsgərlərinə qırmanclamağı əmr etmişdi. Anasının əvəzindən özünə cəza vermişdi. Anasını cəzalandıra bilməzdi axı.
Heç şübhəsiz ki, İmam Hüseyn özü də onu sevənlərin ondan ötrü bu qədər ağlamasını, özlərinə qəsd eləməsini - sevənlərinin əziyyət çəkməsini istəməzdi. Çünki nə özü, nə övladları, nə ətrafındakı insanlar təpədən-dırnağa silahlanmış zalım düşmən qarşısında ağlaşmamışdılar...
Bahəddin Həzi, Bizimyol.info