Qlobal halal turizm bazarının proqnoz dövründə təxminən 5 faiz əhəmiyyətli dərəcədə böyüməsi gözlənilir. Artan müsəlman əhalisi, artan birdəfəlik gəlir və artan halal turizm oyunçuları bazarın böyüməsinə təkan verən mühüm amillərdəndir. 2021 Qlobal Müsəlman Səyahət İndeksinə (GMTI) görə, beynəlxalq müsəlman səyahətçilərin sayı 2013-cü ildəki 108 milyondan 2019-cu ildə 160 milyona yüksəlib. İslamın dünyanın ən sürətlə inkişaf edən və ən gənc dini olması ilə bu trayektoriyanın davam edəcəyi gözlənilir. Ümumi əhalisi 1,8 milyarddan çox olan 57 üzv dövlətin iştirak etdiyi 1969-cu ildə əsası qoyulmuş beynəlxalq qrup olan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdə müsəlman orta sinfi artır. Qeyri-mütənasib olaraq gənc, təhsilli və yüksək mobil olan artan əhali halal turizm sənayesinin böyüməsinə təkan verir. Turizm bazarları və destinasiyalarının əhəmiyyətli bir hissəsi İslam dünyasında cəmləşib ki, bu da halal turizm biznesinin inkişafı ilə bağlı proqnozlara müsbət təsir göstərir. Özbəkistan və Səudiyyə Ərəbistanında turizmin inkişafı təşəbbüsləri, habelə itirilmiş tarixi yerlərin bərpası sayəsində halal səyahətə tələbat artır.
"Halal turizm" hansı standartlar əsasında təşkil edilir?
ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu turizm növü ilə məşğul olan müəssisələr bir qayda olaraq, Halal Turizm Sertifikatı əsasında fəaliyyət göstərirlər: "Halal Turizm sertifikatı turizm məhsulları və xidmətləri İslam qaydalarına uyğun olduqda səlahiyyətli qurumlar tərəfindən verilən sənəddir. Bu məhsul və xidmətlərdə İslam dininə zidd olan, istehsalı, hazırlanması və istehlakı zamanı halal olmayan elementlər olmamalıdır. Turizm biznesi halal sertifikatını aldıqdan sonra sertifikatı aldığı qurumların müəyyən etdiyi halal loqosundan istifadə edə bilər. İstifadə olunan loqolar sertifikatın alındığı qurumdan asılı olaraq dəyişə bilər. Yuxarıda qeyd etdiyimiz kimi İslam Əməkdaşlıq Təşkilatına bağlı İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) qərargahı Türkiyədədir. SMIIC İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında standartları uyğunlaşdırmaq və üzv ölkələrdə uyğunlaşdırılmış standartları həyata keçirmək məqsədi daşıyır".

Dekanın sözlərinə görə, gecələmə yerlərinə (hotel) halal sertifikatı verən təşkilatlardan biri də GİMDES-dir. GİMDES (Qida və İstehlak Mallarının Təftişi və Sertifikatlaşdırılması Araşdırma Birliyi) və bu birliyə tabe olan təsərrüfat müəssisəsi qurumu (GİMDES Halal Məhsullar Araşdırma İnstitutu) Türkiyədə halal və sağlam məhsulların tədqiqi və sertifikatlaşdırılması məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır.
Halal turizm sertifikatları verən daha bir təşkilat isə 2010-cu ilin fevral ayında Bursada yaradılmış qeyri-hökumət təşkilatı olan Ümumdünya Halal Assosiasiyasıdır. Ümumdünya Halal Assosiasiyasının funksiyası istehlakçılar arasında istehlak etdikləri qida və məhsullar haqqında düzgün məlumatlılığın artırılmasına kömək etməkdir. Bu çərçivədə, qida və məhsullar haqqında geniş araşdırmalar aparılmış və dünyada bir çox konfrans, seminar, panel və yarmarkalar kimi tədbirlər vasitəsilə bu araşdırmaların nəticələri haqqında bəşəriyyətin məlumatlılığının artırılmasına dəstək verilmişdir.
“Ümumdünya Halal Assosiasiyası İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (OIC/SMIIC), ISO 22000:2005, FSSC 22000 qida təhlükəsizliyi standartının halal ümumi standartını və halal turizm standartını əhatə edən məzmunu tətbiq edir”-deyən Bahdur Bilalov qeyd edib ki, bundan əlavə Beynəlxalq Halal Turizm Təşkilatı Crescentrating sistemi ilə halal turizm sertifikatı verir.
“Crescentrating, hotellərin halal şərtlərlə səyahət edənlərin ehtiyaclarına cavab verib-vermədiyini qiymətləndirərək təklif etdiyi xidmət və imkanları qiymətləndirən sistemin adıdır. Bu reytinq sistemi, mehmanxanalar, tətil kəndləri, şəxsi yerləşdirmə obyektləri, turoperatorlar və səyahət agentlikləri, xəstəxanalar, ticarət mərkəzləri, konqres mərkəzləri, SPA mərkəzləri, əyləncə parkları və kruizlər/üzən otellər üçün dünyaca məşhur qiymətləndirmə standartını təqdim edir.
Halal mehmanxanalar üçün aypara qiymətləndirmə sistemi, səyahət edən müsəlmanların ehtiyaclarına halal şərtlərlə cavab verib-vermədiyini qiymətləndirərək otellərin təklif etdiyi xidmət və imkanları qiymətləndirən sistemin adıdır. Bu otellərin halallığını qiymətləndirən bir sistemdir. Sistem müsəlman səyahətçilər üçün halal xidmətlər və imkanlar təklif edən otelləri seçməyə imkan verir. Bu sistem mehmanxananın halal həssaslığını 1-dən 7-yə kimi qiymətləndirməklə ölçülür, burada 1 ən aşağı, 7 isə ən yüksək ölçmə balıdır. Bu qiymətləndirmə 6 fərqli sahədən ibarətdir. Bu sahələr: - ibadət yerləri, halal qida obyektləri, otel otağının İslam meyarlarına uyğunluğu, Ramazan xidmət imkanları, halal əyləncə imkanları, eləcə də oteldə halal olmayan fəaliyyət səviyyələrindən ibarətdir”.
Halal meyarlar aşağıdakılardan ibarətdir:
- Namaz (ibadət) imkanları baxımından otel aşağıdakı kimi qiymətləndirilir; namaz vaxtı lövhəsi, otaqlarda qiblə istiqaməti, ibadət otaqlarının olması və s.
- Halal qida imkanları baxımından; Müsəlman turist üçün halal qidaya əlçatanlıq çox vacibdir. Otelin halal qida məhsullarının mövcudluğu otelin halal qida məhsullarından istifadə edib-etməməsi və qidaların emalının halal olub-olmaması ilə qiymətləndirilir.
- Otel otaqlarının İslam meyarlarına uyğunluğu; mehmanxana otağındakı tualet və hamamın dini baxımdan uyğun olub-olmaması, dəstəmaz alma ehtimalı və dəstəmaz suyunun təmizliyi, otaqda namaz xalçasının olması və qiblənin istiqamətini göstərən işarənin olması kimi qiymətləndirilir.
- Otelin Ramazan xidmətləri; oteldə sahur və iftar xidmətləri təklif olunurmu?
- Oteldə qeyri-halal fəaliyyət səviyyəsi; Mehmanxana qiymətləndirilərkən 6 və ya 7-ci aypara ulduz səviyyəsini müəyyən etmək üçün qeyri-halal fəaliyyətin olmaması nəzərə alınır. Bunların arasında oteldə spirtli içki, qumar oyunları, həmçinin böyüklər üçün Tv kanalların olması və digərləri nəzərə alınır.
- Əyləncə obyektləri və xidmətləri; Burada nəzərə alınan odur ki, hovuz və SPA kimi obyektin əsas sahələri kişilər və qadınlar tərəfindən ayrıca istifadə edilə bilər.
Bahadur Bilalov vurğulayıb ki, deyilənləri ümumiləşdirərək birmənalı olaraq deyə bilərik ki, ölkəmizə Halal turizmin təşkili lazımdır və vacibdir: "Doğrudur, ölkəyə gələn müsəlman turistlərin bir qismi əylənmək və spirtli içki qəbul etmək məqsədilə gəlir. Lakin yuxarıda da göstərildiyi kimi inanclı insanların ölkəmizin tarixi, mədəni, təbii gözəlliyindən həzz alması üçün səfərlərinin təşkilində "halal turizm"in rolu böyükdür və bu istiqamətdə aidiyyatı qurumlar özəl sektorla birlikdə əməli addımlar atmalıdırlar".
İradə Cəlil, Bizimyol.info