Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Halal turizm" anlayışına uyğun ölkələr: Malayziya, Türkiyə... "Bu turizm anlayışı həssas struktura malikdir"
"Halal turizm" anlayışına uyğun ölkələr: Malayziya, Türkiyə... "Bu turizm anlayışı həssas struktura malikdir"

Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul edildikdən sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcək. Bu barədə məlumatı Dövlət Turizm Agentliyi yayıb. Qeyd edilib ki, maraqlanan bütün mehmanxanalar halal statusunun təsdiqindən keçə biləcəklər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin sözlərinə görə, Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlayır və bu standartın qəbulu bu il nəzərdə tutulub. Məmməd Abbasbəyli qeyd edib ki, standart şəriət qaydalarına uyğun turizm xidmətləri və məhsullarının təqdim edilməsini mümkün etmək və müştəri məmnuniyyətini artırmaq üçün hazırlanır. Əsas məqsəd və prioritetlərdən biri ölkədə mehmanxana və turizm xidmətlərinin standartın tələblərinə uyğunlaşdırılması və turizm xidmətlərinin göstərilməsi, turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün cəlbedici etmək, bu sahədə inkişafa nail olmaqdır.

  • Bəs halal turizm nədir?

  • Hansı ölkələr halal turizm sahəsində ilk sıralarda yer tutub?

Bizimyol.info xəbər portalının suallarını ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov cavablandırıb:

ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov

- Bahadur müəllim, halal turizm nədir?

- Dünyada baş verən iqtisadi, texnoloji, sosial və siyasi dəyişikliklərlə yanaşı, istehlakçı profilində və anlayışında da dəyişikliklər baş verir. Dinamik bir proses olan səyahət və turizm də bu dəyişiklik qarşısında fərqli anlayış və təriflərlə ortaya çıxır. Son illərdə məşhur anlayışa çevrilən halal turizm digər turizm növlərindən fərqlənən həssas struktura malikdir. İslam ölkələrinin rifah və təhsil səviyyəsinin yüksəlməsi, qloballaşma ilə ünsiyyət vasitələrinin artması müsəlmanların dünyəvi gözləntilərini də artırıb. Cibində xərcləmək üçün əlavə pulu olan insan daxili marağı ilə hərəkətə keçərək əvvəlcə səyahətə çıxmaq, dincəlmək, sonra əylənmək istəyini təmin etmək istəyir. İslami həssaslığı olan bir insanın bu istəyini dini “halal” yanaşma ilə təmin etmək istəməsi çox humanist bir yanaşmadır.

Halal turizmin yaranmasını ümumi olaraq belə dəyərləndirmək olar: İslam inancının bütün dünyaya sürətlə yayılması, müsəlmanların xərcləmə gücünün artması, Qərbdə müsəlman turizm sənayesinin sürətlə böyüyən sektora çevrilməsi, Qərbi Asiya ölkələrində və ya Körfəz ölkələrində turistlərin sayının artması, 11 sentyabr 2001-ci il terror aktının ABŞ-a və nəticə etibarilə dünya turizm sənayesinə də təsir etməsi. Bu terror hücumlarından sonra xüsusilə ABŞ, İngiltərə, Avstraliya və bir çox Avropa ölkələrində ərəb turistlərə qarşı səyahət siyasətləri sərtləşdi. İslam otelləri qeyri-müsəlman turistlərin, xüsusən də təmiz ətraf mühit axtaran, spirtli içki və donuz əti qəbul etmək istəməyən, yeni mədəniyyətlər və yeniliklər öyrənməyə açıq olan turistlərin cazibə yerinə çevrilir.

İslamda səyahət və turizm anlayışlarının aydınlaşdırılmağa başlamasından sonra inkişaf edən halal turizm hərəkatları, son illərdə müsəlman turistlərin səfərlərinin sayında əhəmiyyətli artım və ölkələrə verdikləri iqtisadi töhfə olaraq ortaya çıxdı. Halal turizm ölkələrin iqtisadi, texnoloji, elmi, sosial və siyasi xüsusiyyətlərinə görə dəyişir və bu gün onun hazırkı və potensialının müsbət mənzərəsini yaradır. Halal turizm artan bazardır. Bəzi xarici dəstəklər bu bazarın inkişafında təsirli olur. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrdə turizmin inkişafını tövsiyə edir. Eyni zamanda İslam İnkişaf Bankı İslam qaydalarına uyğun olaraq həyata keçiriləcək turizm fəaliyyətlərinə maliyyə dəstəyi təklif edə biləcəklərini bəyan edib. Halal turizmin inkişafında bu dəstəklərlə yanaşı ölkələrin sosial normaları da təsirli olur. Digər tərəfdən, İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan ölkələr (Sinqapur, İngiltərə, Almaniya və Fransa) müsəlman turistləri ölkələrinə cəlb etmək üçün sıx səylər göstərirlər. Beynəlxalq və milli arenada halal turizmlə bağlı fəaliyyətlər günü-gündən artır.

- Dünyada halal turizm üzrə qabaqcıl ölkələr hansılardır?

- Müsəlmanların səyahətləri zamanı üstünlük verdiyi ilk onluqda Malayziya birinci yerdədir. Malayziya özünün rəsmi sertifikatlı halal restoranlarını, müsəlmanlara uyğun turizm agentliklərini, aviaşirkətləri, mehmanxanaları və kurortlarını, suvenirlərini və attraksionlarını internet vasitəsilə xüsusilə Bruney, İndoneziya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran və Səudiyyə Ərəbistanına tanıtdırır, həmçinin istifadəçilərə seçimlər təklif edir. 2007-ci ildə Beynəlxalq Halal Dürüstlük Alyansı yaradılıb, 2011-ci ildə İslam Turizm Konqresi, 2011-ci ildə Dünya İslam Turizm Forumu, 2012-ci ildə 1-ci Beynəlxalq İslam Turizm Standartları Konfransı keçirilib.

Malayziyanın Milli Turizm Təşkilatına bağlı İslam Turizm Mərkəzi müsəlman ziyarətçilərin ehtiyaclarını mükəmməl şəkildə qarşılayır. Eyni zamanda Malayziya hökuməti işgüzar səfərləri çox həvəsləndirir və Malayziyanı İslam Bankçılığı və Maliyyəsi üzrə əsas istiqamətə çevirməyə çalışır. Malayziya yeganə ölkədir ki, tam dövlət dəstəyi ilə halal qida sertifikatlaşdırma strategiyası həyata keçirib. Halal qida sertifikatlaşdırma təşəbbüsləri 1974-cü ildə başlamış və 2006-cı ildə dövlət dəstəyi ilə “Halal Sənayenin İnkişafı Kooperasiyası” yaradılmışdır. Daha sonra JAKIM (Jabatan Kemajuan Islam Malaysia) sertifikatlaşdırma orqanı qida ilə bağlı mühüm qərarlar qəbul etdi. Elm, Texnologiya və İnnovasiyalar Nazirliyi yanında Standartlaşdırma Bölməsi halal qidaların MS1500: 2009 meyarlarına cavab verməsini tələb edib. Malayziya İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğu üçün bu, digər üzv ölkələrə viza rahatlığı təmin edir.

-Bəs Türkiyə halal anlayışa görə neçənci yerdədir?

- Halal Anlayışla bağlı İnkişafa görə Türkiyə 2-ci yerdədir. Türkiyə iqtisadiyyatı halal qida sektorunda 4 milyard dollarlıq ixrac rəqəminə çatıb. Halal sertifikatlı məhsulların ixracı mühüm yer tutur. Türk Standartları İnstitutu (TSE) tərəfindən 2014-cü ildə Halal Kosmetika Sertifikatlaşdırma xidmətini istifadəyə verilmişdir. 2010-cu ildə mərkəzi ofisi İstanbulda yerləşən İslam Ölkələri Metrologiya və Standartlar İnstitutunun yaradılmışdır. Bu institutun məqsədi İslam ölkələri arasında standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində fəaliyyət göstərməkdir. Bundan əlavə, 15-16 dekabr 2016-cı il tarixlərində İstanbulda Ümumdünya Halal Sammiti keçirilmişdir. Əhalinin əksəriyyətinin müsəlman olduğu Türkiyədə halal konseptlərdə xidmət göstərən yerləşdirmə obyektlərinə böyük maraq vardır. Halal yanaşma ilə məhsul və xidmətlər təklif edən 90-dan çox yerləşdirmə obyekti vardır.

Birləşmiş Ərəb Əmirlikləri sıralamada 3-cü yerdədir. Dubay halal turizmdən hər il xeyli gəlir əldə edir. 2014-cü ildə Dubayda Qida Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans keçirilib. Bu konfransda Dubay halal qida mərkəzi kimi mövqe tutmuşdur. 11-12 oktyabr 2016-cı il tarixlərində Dubayda Dünya İslam İqtisadiyyatı Sammiti keçirilib. Bu sammitdə “Ailə və dost turizmi”, “halal sənaye”, “İslam modası”, “islam incəsənəti və dizayn”, “İslam rəqəmsal iqtisadiyyatı”, “İslam standartları” və digər mövzular müzakirə edilib. Hökumətin hazırladığı turizm planlarında halal turizmə xüsusi önəm verilir. 2001-ci ildə viza məhdudiyyətlərinin yumşaldılması, azad ticarət sazişləri və qonaqpərvərlik sektorunda hökumət tərəfindən təşviq edilən məşğulluq imkanları təmin edilir.

Sinqapur bu sıralamada 4-cü yerdədir. Sinqapurda Qonaqpərvərlik və turizm sənayesinin iqtisadi dəyəri barədə məlumatlılıq yaranmış, halal restoranların ünvanları ingilis və ərəb dillərində mobil proqramlara daxil edilib. Sinqapurda 3 mindən çox adda məhsul halal sertifikatlı alıb. İslam Dini Şurası 1968-ci ildə, Halal Sertifikatlaşdırma Bölməsi isə 1978-ci ildə yaradılıb. Sinqapurun Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olması digər üzv ölkələrə viza rahatlığı təmin edir.

Qeyd edilən ölkələr arasında qardaş Türkiyənin Halal turizm təcrübəsi daha maraqlı və ölkəmizdə tətbiqinin faydalı olacağı qənaətindəyəm. Belə ki, Türkiyədə halal turizm, ümumiyyətlə, dəniz-qum-günəş üçlüyünün çox olduğu dənizkənarı destinasyalarda İslam qayda və inanclara uyğun xidmət göstərən yerləşdirmə müəssisələri seçilərək inanclı insanların istirahət və əyləncələri təşkil edilir. Həmçinin Sağlamlıq turizminin təşkili zamanı da islami qaydalara əməl edilməsinə çalışılır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »