Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal patriarxların payızı...
Qlobal patriarxların payızı...

Yarpaq ağacdaykən, çox da diqqət çəkmir. Kölgəsində gizlənir, sərinlənirik. Əl atıb yaşıl-yaşıl qoparıb yellərə verməyimiz də var o yarpağı...

Amma bir yarpaq budaqda saralıb torpağa düşən kimi əli qələm, fırça, mizrab, mikrofon tutan kəsdirir bu yapağın başının üstünü. Hərə bir kövrək misra deyir, ya da bir rəsm çəkir, yaxud "melanxolik" melodiya üstündə bir ağız lirik mahnı oxuyub, ağlaşır. Və dağılışır hamı...

Amma heç də həmişə fərqinə varmırıq: bu yarpaq, bu ağac, bu su, hava, torpaq... var deyə biz varıq. Təbiət var deyə insan da var. Torpaq olmasa, harda, nə əkib-biçib, yeyərik?! Meşə olmasa, nə ilə nəfəs alarıq?! Qidasız xeyli müddət davam gətirib, salamat qala bilər insan, eləmi?! Ancaq su içməsə, qısa müddətdə dünyasını dəyişər. Havasız isə, ölümə təslim olmaq dəqiqələr çəkər. Araşdırmalar sübut edir ki, insan qidasız üç həftə, susuz üç gün davam gətirə bilir. Oksigensiz isə üç dəqiqə dözmək olar. Əlbəttə, istisnalar həmişə var. Məsələn, Stefan Mifsudun 2009-cu ildə 11 dəqiqə 35 saniyə su altında qalması rekordu var. Ancaq bunlar, dediyim kimi, istisnadır. Tək-tək istisnalardan danışmırıq, 8 milyarddan çox insanın yaşadığı Yer kürəsində havadan, nəfəs almaqdan, sağ qalmaqdan danışırıq. Biz də ölkə olaraq bu Planetin bir hissəsiyik. Hansı ölkə olursa-olsun, atmosferə atılan zəhərli qaz sərhəd tanımır, hər kəsin nəfəsini "yaralayır".

Elm isbatlayıb ki, insan nəfəsini 3 dəqiqədən çox tutarsa, beyinin funksiyaları pozular. Təmiz hava, deməli, atmosferin, su ehtiyatlarının, meşələrin qorunması, görün, nə dərəcədə mühüm bir çağırışdır, missiyadır.

...Türk Dövlətlər Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə qəbuı edilmiş Qarabağ Bəyannaməsini oxuyuram. 31 bənddən 9-u iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə, "yaşıl enerji" layihələrinə, alternativ və bərpa olunan enerjiyə, ekoloji tarazlığın qorunmasına həsr olunub. Türk Ekoloji Fondu təşəbbüs var. Göründüyü kimi, ekoloji problematika birdən-birə bu qədər dövləti və xalqı eyni vaxtda narahat edir. Bütün dünyada bunlar artıq öncəlikdir. Sən təmiz hava ilə nəfəs almaqda getdikcə daha çox çətinlik çəkirsənsə, lüks mənzillərdə yaşamağın nə anlamı var?! İçməli su getdikcə azalırsa, olanı da, çirkləndirirsənsə, var-dövlətin başından aşsın, nə xeyri?! Meşələri qırıb, varlanırsan, amma elə bu cür varlana-varlana yox olduğundan xəbərin yox!

Cəmiyyət içindəyik, cürbəcür adamlara rastlayıram. Bu il payızda Bakıda keçiriləcək COP-29 konfransına dodaq büzənləri də görürəm. Söhbət BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasından gedir. Bəli, adı uzundur. Bəlkə də mürəkkəbdir, yadda qalmır. Ancaq bir faktı yadımızda saxlayaq: dünya miqyasında hələ elə bir beynəlxalq tədbir yoxdur ki, orda COP-da olduğu qədər insan iştirak etsin, nəticələrində maraqlı olsun. O cümlədən, heç bir başqa tədbirdə bu qədər dövlət və hökumət başçıları, başqa hər cür səviyyədən rəsmi şəxslər, alimlər, tədqiqatçılar, ekspertlər, vətəndaş cəmiyyəti fəalları və sair eyni vaxtda birlikdə olub, müzakirələr aparmır. Azərbaycanın bu beynəlxalq platformada Planetin ali prioritetinə dair müzakirələrə ev sahibliyi etməsi çox nəhəng hadisədir. Bakı - qlobal problemlərin həllinin mərkəzlərindən birinə çevrilib.

Ekoloji sağlamlaşma bizim də əsas gündəmimizdir. Yerləşdiyimiz regionda, hətta Cənubi Qafqaz subregionunda ən az meşə ehtiyatı Azərbaycandadır. Xəzərdən neft çıxır. Subregionda ən böyük sənaye, o cümlədən, neft emalı sənayesi bizdədir. Bizim ölkənin havasına təsirlər, təbii ki, çoxdur. Əhali də Gürcüstan və Ermənistan əhalisinin cəmindən böyükdür. Deməli, qida, su istehlakı da çoxdur. Deməli, qlobal iqlim dəyişmələrindən daha çox təsirlənirik.

Azərbaycan lokal anlamda da ekoloji terrora məruz qalıb və hələ də qalır. Ermənistanın 30 illik işğalını, zəbt olunmuş ərazilərimizdə təbiətə vurulmuş ölçüyəgəlməz dərəcədə ağır zərəri xatırlayaq. Meşələrimizi necə amansızlıqla qırıblar, bölgənin ekosistemini necə dağıdıblar, oradakı faydalı qazıntıları necə barbarlıqla talan ediblər, çayları necə çirkləndiriblər, hələ də Arazı çirkləndirirlər - bunlar hamısı beynəlxalq platformalarda masaya çıxarılmalı məsələlərdir. Xəzər dənizinin ekologiyası ilə, iqlim dəyişmələrinin yaratdığı təbii kataklizmlərlə bağlı problemlər var. Çaylar quruyur, meşələr seyrəlir. Səhralaşma sürətlənir, meşə yanğınları artır... Bunlar bizi və bütövlükdə insanlığı narahat etməli olan ən önəmli məsələlərdir. Dünya getdikcə yaşanmaz hala gəlir. Bunun qarşısını almaq gərəkdir, yoxsa yox?! Əlbəttə, gərəkdir. Bu, nəhəng bir mübarizədir, qlobal hərəkatdır. Ona görə Azərbaycan dövləti və xalqı bu hərəkatın içində, hətta önündədir. Buna dodaq büzmək deyil, qürur duymaq lazımdır. Qlobal iqlim dəyişmələrinin bizə də vurduğu zərəri təkbaşına dəf edə bilmərik. Biz inkişafda olan ölkəyik. Ancaq qlobal problemlərin səbəbkarları inkişaf etmiş ölkələrdəki ifrat sənayeləşmədir. Havanı ən çox çirkləndirən ölkələrdən biri ABŞ dünyanın ən varlı ölkəsidir. Eləcə də, Çin və sair. Nədən varlı dövlətlərin yaratdığı qlobal problemlərin ağırlığı inkişafda olan və inkişaf etməmiş ölkələrin üzərinə düşməlidir?! Bunun çarəsi tapılmalıdır. Beynəlxalq səviyyədə, bəli, Fond yaradılıb, ekoloji layihələrə on milyardlarla vəsait ayrılıb. Ancaq bunlar təkcə inkişaf etmiş ölkələri əhatə etməməlidir, daha az inkişaf etmiş, eləcə də, yoxsul ölkələrdə də ekoloji tarazlığın qorunmasına qlobal dəstək verilməlidir. Güclü olmaq başqalarını talamaq səlahiyyəti deyil, hamını qorumaq məsuliyyətidir. Bakıda keçiriləcək COP-29-un missiyası bu narrativi bütün dünya güclərinə anlatmaq, hətta mümkün olsa, qəbul etdirməkdir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »