Bəlkə də kiməsə qəribə gələ bilər, amma Masazırın qəsəbə sakinlərinin gecə yuxuya getməsi, itlərin kütləvi ulaşması olmadan alınmır. Elə ki gecə başını yastığa qoydun, qorxu filmi başlayır sanki. Sanki, azğın itlər bu dəqiqə evlərə hücum çəkəcəkmiş kimi səs-səsə verib hürməyə başlayırlar. Yayın günü pəncərə açıq yatmağa da qorxur adam. Evdəki körpələrin hər gecə keçirdiyi stresi isə deməklə, yazmaqla ifadə etmək mümkün deyil.
Birdən elə bilərsiniz ki, itlər ancaq gecələr peyda olur qəsəbədə. Xeyr, günün istənilən vaxtı insan küçədə gəzməyə də ehtiyat edir. Avtobus dayanacaqları, məktəblərin həyəti, dükanların qapısının ağzı itlərlə dolu olur. Bir sözlə, iynə atsan, it əlindən yerə düşməz.
Maraqlısı budur ki, Masazır qəsəbəsinin itlərlə olan problemi yeni deyil. İllərdir, qəsəbə sakinləri bu şikayətlə müraciət etmədikləri qurum qalmayıb. Lakin nə şikayətlərə baxan var, nə də bu insanların dərdinə bir əncam qılan.
Heyvansevərlər sözümü qəribçiliyə salmasınlar. Əlbəttə, heyvanlara heç bir zərər verilməsini istəmərik. Lakin bu problemin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək də aidiyyəti qurumların borcudur. Amma görünən odur ki, qurumlar vətəndaşları taleyin və ya itlərin ümidinə buraxıb. Ya gərək qarşına çıxan insaflı, ədəbli, qalacaqlı it olsun, ya da Allah kərimdir...
Leyla Mirzə, Bizimyol.info