Çıxarışı olmayan evlərlə əlaqədar artıq dövlət reyestri yaradılır və bundan sonra sənədi olmayan evlərin həmin reyestrdə qeydiyyatı aparılacaq. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi məlumata görə, bundan sonra daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərinin sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək.
Bu qeydiyyat proseduru hansı şərtlərlə və necə aparılacaq?
Vətəndaş bunun üçün hansı orqana yaxınlaşmalıdır?
İndiyədək həm torpaq, həm də tikili çıxarışı olmayan ev sahibləri hara üz tuturdular?
Bu proses əvvəllər və indinin özündə necə aparılır?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Hər hansı tikiliyə və ya torpaq sahəsinə çıxarış alınması üçün mütləq şəkildə həmin tikilinin, yaxud torpağın ilkin sənədi olmalıdır. Bu ilkin torpaq sənədi bələdiyyələr tərəfindən verilmiş bələdiyyə sərəncamı, yaxud zamanında icra hakimiyyətləri, ya da başqa qurumlar verilmiş rəsmi sənəd olmalıdır. Həmin sənədin arxiv arayışı tələb olunur və torpaq ayrılması ilə bağlı cizgi planı rəsmi qurum tərəfindən təsdiq olunmuş keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin cizgi və plan sxemi tələb olunur. Hansı ki, bu sənədləri təqdim etdiyinizdə, artıq o torpağın təyinatı ilə bağlı heç bir problem yoxdursa və əgər torpaq yaşayış yeri üçün nəzərdə tutulubsa, həmin torpağa çıxarışı almaq mümkündür. Üst tikili normativlərə uyğun tikilibsə, torpağa çıxarış aldıqdan sonra və tikintini aparmamışdan əvvəl lisenziya və memarlıq şirkətləri tərəfindən onun layihəsi çəkilir. Daha sonra məlumatlandırma ilə bağlı müraciət olunur və tikili başa çatdıqdan sonra həmin layihə və çıxarışı aidiyyəti quruma təqdim etməklə, üst tikiliyə də çıxarış almaq mümkündür. Təbii ki, ölkəmizdə yüzminlərlə çıxarış ala bilməyən fərdi torpaq sahələri və yaşayış yerləri var.
Bunlara çıxarışların verilməməsinin əsas səbəbi, onların ilkin sənədinin olmamasıdır. Yaxud onlara zamanında bir çox qurumlar tərəfindən verilmiş torpaq ayrılması ilə bağlı sənədlərin düzgün formada verilməməsi və yaxud aparılmamasıdır. Yəni bələdiyyə, yaxud digər qurum vətəndaşa fərdi yaşayış yerinin tikintisi üçün torpaq sahəsi ayırıb, lakin o torpaq sahəsinin təyinatı yaşayış məntəqələri deyil, kənd təsərrüfatı və ya digər təyinatlı torpaqlar olur. Bu səbəbdən də həmin ərazilərə çıxarışlar verilə bilmir. Çıxarış ala bilməyən bir qism həyət evləri də sovetlər dövründən qalmışdır ki, bu da Bakının mərkəz və mərkəzəyaxın ərazilərini əhatə edir. Yasamal, Alatava, "Sovetski", "Papanin" və bir çox bu adda yaşayış məntəqələri var ki, bunların yaşı yüz ili ötsə də, lakin bu tip ərazilərdəki əksər mənzillərdə çıxarışlar yoxdur. Çıxarışların olmamasına da səbəb, onların ilkin sənədinin olmamasıdır.
Təbii ki, artıq il sonuna qədər çıxarış ala bilməyən fərdi yaşayış evləri və torpaq sahələrinin çıxarışla təmin olunması gözlənilir. Hər hansı bir əmlakın çıxarışı olmasa da, həmin əmlakların bələdiyyə və yaxud icra hakimiyyəti nümayəndələri tərəfindən qeydiyyatı var. Düşünürəm ki, həmin qeydiyyat üzrə artıq bütün tikililər müəyyənləşərək, zamanı çatdıqda, çıxarışlarla bağlı sənədlərlə təmin ediləcəklər. Təbii ki, burada bir qism əmlaka çıxarışlar verilməyəcək. Bu əmlaklar daha çox qadağan olunmuş ərazilərdə aparılmış tikililərdir ki, həmin tikililər tikinti qanunvericiliyinə uyğun olaraq, özəlləşə bilməz. Yəni kommunikasiya xətləri ilə neytral məsafəni gözləmədən tikilən əmlaklar, dəniz sahilinə daha yaxın neft əraziləri və sair.
Təbii ki, bununla bağlı müəyyən işlər aparılır. Həmin qadağan olunmuş ərazilərdə inşa olunan tikililər müəyyən olunur. Bütün müəyyənliklər tam öyrənildikdən sonra artıq ilsonuna aidiyyəti qurumların verdiyi məlumata görə, digər əmlaklar çıxarışla təmin olunacaq. İlkin olaraq, onların torpaqlarının təyinatı dəyişilməlidir. Yəni kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində təyinatları dəyişilərək, yaşayış məntəqələri torpaqlarına və yaxud dövlət, bələdiyyə torpağına çevrilməli, daha sonra onun üstündəki tikililərə çıxarışlar verilə bilər. O baxımdan, ilkin mərhələ, qadağan olunmuş ərazilərdəki tikililəri müəyyən etmək, daha sonra torpaqların təyinatı ilə bağlı işlər görmək və təyinat dəyişikliyi, ardınca isə üst tikililərə çıxarışların verilməsi ola bilər" - deyə, ekspert əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info