Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minlərlə şəhidi bağrına basan doğma Vətən torpağında addımlamaq...
Minlərlə şəhidi bağrına basan doğma Vətən torpağında addımlamaq...

Erməni vandallığında çox danışmışıq, faktlar göstərmişik. Amma erməni vandallığını, dağıdılmış evləri və qazılmış xəndəkləri öz gözünlə görmək başqa bir hissdir. Sanki canından can qopur. Füzuli səfərimdə də mən bu vandallığı gözlərimlə gördüm. Nə yalan danışım, bu səfərə qədər Füzuli haqqında eşitmişdim. Dağlarından, hələ su içə bilmədiyiniz bulaqlarından, çölündən, çəmənindən çox yazmışdılar. Mən Füzulini yazılarda oxumuşdum. Bu dəfə isə gözlərimlə görürdüm. Soydaşlarımızın ot-alaq içində qalmış evlərinin qalıqlarını, yarıuçuq tikililərini...

Öz Vətənində ancaq ayrılmış yol zolağı ilə hərəkət etməlisən, əks halda düşmənin basdırdığı minanın qurbanı ola bilərsən. Əslində ağır dərddir. Mina qurbanı olmamağa çalışmaq, həm də öz vətənində...

Evlərə baxıram. Əslində ermənilər də bu torpağın onlara aid olmadığının fərqində olub. Çünki insan yaşadığı komasını da səliqəli saxlamağa çalışar. Onların yaşadığı evlərin bəzilərində, sözün əsl mənasında “iti bağlasan qalmaz”. Yəni biliblər ki, torpaq onların deyil. Biliblər ki, gec-tez bu torpağın sahibləri onu geri alacaq. Və düşünüblər ki, o günəqədər “nə yaşadıqsa, yaşadıq”. Sonra da vəhşi kimi dağıdıb, məhv edib gedərik. Vallah, elə də ediblər. Daşı-daş üstünə qoymamaq buna deyilir.

...Səfər vaxtı yolum Hadruta düşdü. Dağların qoynundakı Hadruta. Burada evlər nisbətən yaxşıdır. Amma bəziləri təhlükəli görünür. Qapı-bacanı qırıb töküblər. Dərin bir sakitlik var, Hadrutda. Bir də bizim azərbaycanlılar. Kafe kimi bir yer açıblar. Kabablar, çay, kofe - nə istəsən tapa bilərsən, Hadrutda. İnana bilirsənmi? 30 ilə yaxın işğal altında olmuş ərazilərdə azərbaycanlılar kafe işlədir. Əslində, gözəl duyğudur.

Təəssüf ki, ermənilər könüllü tərk etdikləri ərazilərin hər yerini minalayıblar. Addım atanda belə diqqətli atırsan, ümumi yoldan çıxmamağa çalışırsan, boş qalmış evlərə uzaqdan baxırsan. Qəribə duyğudur, həsrətin sona çatması... Adını eşitdiyimiz, amma heç bir zaman görməyəcəyimizi düşündüyümüz yerlərdə addımlamaq... Adamı qəhər boğur, acı bir hiss burnunda düyümlənir, gözlərin yaşayır, nəfəs ala bilmirsən. Təsvir etmək çətindir...

Vətən torpağı doğmadır. Hələ bu torpaq minlərlə şəhidi öz bağrına basıbsa, daha da əzizdir...

Xəyal kimi gəlir insana. İstər-istəməz döyüşləri göz önündə canlandırırsan. Bəlkə Elmir Qənbərovun şəhid olduğu yerdən keçirəm, bəlkə Səid Rəşidzadə elə tam burada döyüşərək, haqqa qovuşub?! Əlizamin Mustafalı, Elsevər Paxırov, Asim Quliyev, Vüsal Muradov və adını dilə gətirmədiyim şəhidlər...

Biz həyatımız boyu şəhidlərimizə borcluyuq. Əgər biz bu gün Hadrutda gəzə biliriksə, bunun qarşılığı şəhidlərimizin canı olub. Biz şəhidlərimizi unutmayacağıq. Ən azından ayağı Hadrut torpağına dəyən hər azərbaycanlı şəhidlərini xatırlayacaq.

Hadrutda addımlayarkən ürəkdəki qəhər yaş olur, gözlərdən süzülür. Əyilib torpağından öpsən, yenə də azdır. Şəhidimin ayağı dəyən torpaqlardan... Allah sizə rəhmət etsin, vətən oğulları...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »