Füzuli işğal ediləndə mən uşaq idim. Ömrümüzün çox hissəsi demək olar ki, “torpaqlarımızın 20 faizi işğal altındadır, dünya birliyi hələ də bu ədalətsizliyə göz yumur” sözlərini eşitməklə keçdi. 2020-ci ildə cənab ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Füzuli rayonunu düşmən işğalından azad etdi. Bu zəfər, Azərbaycan xalqı üçün xüsusi bayram idi.
Yadıma gəlir ki, Birinci Qarabağ müharibəsində torpaqlarımız düşmən tərəfindən işğal edilən zaman 1 milyondan çox qaçqın və məcburi köçkünümüz Bakıda və ya digər ərazilərimizdə məskunlaşmışdı. Dövlət qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə, onları çoxsaylı güzəştlər və mərhələli şəkildə yeni mənzilllərlə təmin etmişdi. Amma qarşıdakı ən əsas məqsəd, doğma torpaqlarından didərgin düşən soydaşlarımızı öz yurduna qaytarmaq idi. Çünki insan üçün öz yurdundan önəmli, dəyərli heç nə yoxdur. İnsan son anında da vətənində olmaq istəyir...
Ötən günlərdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti jurnalistlər üçün Füzuli rayonuna media tur təşkil etdi. Postdan keçəndə kənardakı lövhələrdə “Diqqət sizdən işğaldan azad edilmiş torpaqlara daxil olursunuz” sözlərini oxuyanda insanın içində bir sızıltı, bir qəhər yaranırdı. Xarabalığa çevrilmiş evlər, yolların kənarında basdırılmış “mina təhlükəsi var” deyə diqqət çəkən xəbərdarlıq nişanları... 27 il işğal altında qalmış Vətən torpağı... Şəhidlərin qanı ilə yoğrulmuş torpaq... Avtobus irəlilədikcə, gözüm önündə döyüş səhnələri belə canlanırdı. Vətən torpağı necə əziz olurmuş, İlahi...
Nəhayət yaşayış məntəqəsinə, Zəfər Yolunun kənarındakı mərkəzi məhəlləyə çatırıq. Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Sarabi bizə yaşayış məntəqəsi haqqında məlumat verir. Deyir ki, "hazırda burada 822 ailə yaşayır". Keçən ilin avqust ayından ilk köçün başladığını deyən Leyla Sarabi qeyd edir ki, köç mütəmadi şəkildə həyata keçirilib. Artıq Füzuliyə köç dayanıb, növbəti ildən etibarən davam edəcək. Binalar yüksək keyfiyyətli və müasir dizayna uyğun şəkildə inşa edilib. Binaların alt mərtəbələrində sahibkarlar üçün obyektlər təklif edilir. Hazırda məntəqə yaxınlığında məktəb və uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Yaşayış məntəqəsinin yaxınlığında sakinlər üçün böyük bir park salınıb. Leyla Sarabi deyir ki, “Füzuli günü”, Novruz tədbirləri və s. digər əhəmiyyətli tədbirlər məhz bu parkda həyata keçirilir. Eyni zamanda mühim tədbirlərin çox hissəsi Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutur.
Leyla Sarabi vurğulayır ki, yenidən qurulan kəndlərdə “ağıllı sistem” ön plandadır.
“Özbəkistan Respublikası tərəfindən 967 yerli Mirzə Uluqbəy adına tam orta məktəb tikilib. Qazaxıstan Respublikası tərəfindən 620 yerli uşaq yaradıcılıq məktəbi tikilib”-deyə Sarabi qeyd edib.
Yaşayış məntəqəsi ilə tanışlıqdan sonra məktəbə baş çəkirik. Burada media nümayəndələri üçün brifinq keçirilir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə görülən işlər haqqında jurnalistlərə məlumat verir və suallarımızı cavablandırır.
Füzulini belə inkişaf etmiş, bərpa edilmiş şəkildə görəcəyimizi düşünmürdük. Bu gün Füzuli günbəgün inkişaf edən bir bölgəyə çevrilib. 2026-cı ilə kimi işğaldan azad edilmiş ərazilərdə 8400 fərdi yaşayış evinin və 8800 mənzilin tikintisi nəzərdə tutulub. Plana görə, Füzulidə bir şəhər və 10 kənd bərpa olunmalıdır. Füzuli işğaldan azad edildikdən sonra əvvəlcə mina və partlamamış hərbi sursatlardan təmizlənmə işləri aparılıb. Hazırda "təmizlik" işləri davam etdirilir.
İradə Cəlil, Bizimyol.info