Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəhərlənmə faktı və ölüm statistikasını gizlətməklə qidanın "təhlükə"sizliyini təmin etmək olmur"
"Zəhərlənmə faktı və ölüm statistikasını gizlətməklə qidanın "təhlükə"sizliyini təmin etmək olmur"

İyunun 22-sində Ağstafada toya kütləvi zəhərlənmə hadisəsi baş verib. Belə ki, həmin gün xəstəxanaya zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib. Ümumiyyətlə, yay aylarında qida zəhərlənmələrinin sayı artır. Maraqlısı da budur ki, bu zəhərlənmələr daha çox toy, nişan və s. bu kimi kütləvi tədbirlərdə müşahidə edilir.

Yayda qida zəhərlənmələrinin sayında niyə artım müşahidə edilir?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yay aylarında kimyəvi reaksiyalar sürətlənir. Yəni istilik bir katalizator rolunu oynayır və qidalar qısa müddətdə sıradan çıxır, xarab olur. Və bu səbəbdən də, qidalardan zəhərlənmə halı yaşanır.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Biz bu 6 ayda yüzdən çox zəhərlənmə müşahidə eləmişik. Dönərlərdən, "hazır" qidalardan və s. Çox təəssüf ki, bu problem yaşanır. Qida Təhlükəsizliyi Agentliyi, ümumilikdə bu işlərin öhdəsindən gələ bilmir. Və elə bir sənəd yoxdur ki,biz deyək ki, “ay istehlakçı, filan sənədləri tələb et, əgər o sənəd varsa, bu qidaya etibar edə bilərsən”. Belə bir sənəddə mövcud deyil”-deyə ekspert bildirib.

Eyyub Hüseynov əlavə edib ki, əvvəllər sertifikat anlayışı olub, amma o da real bir sənəd deyilmiş.

“Yalançı bir şey idi, o da. İndi heç o da yoxdur. Sanki istehsal edən, gətirən, daşıyan, saxlayan Qida Təhlükəsizliyi Agentliyində sadəcə reyestrə daxil olmalıdır. Vəssəlam. Ondan sonra güya qidanın təhlükəsizliyi təmin olunur. Qidanın təhlükəsizliyinin təmin olunması üçün bunlar yetərli deyil. Keyfiyyət məsələsi ön plana çəkilməlidir. Keyfiyyət məsələsinə ümumiyyətlə heç kəs nəzarət etmir. Cəld reaksiya, cəld yoxlama mexanizmi olmalıdır. Bütün bunların olmadığı halda üstəlik zəhərlənmələrin statistikasına ümumi dünya göstəricisindən 700 dəfə az göstərilməsi və ölümlərin sayının 300 dəfədən çox az göstərilməsi onu göstərir ki, bunu gizlətməklə, guya reallığı dəyişəcəklər. Faktı gizlətməklə, qidanın təhlükəsizliyini təmin etmək olmaz.

Təsadüfi deyil ki, Azərbaycan 190 ölkə arasında uzun ömürlülər siyahısında 115-ci yerdədir. Yəni biz nə yeyiriksə, ondan ibarətik. Lazım olanda ən yuxarı dövlət orqanları statistikaya baxır. Fəxrlə deyirlər ki, “bu an bizim ölkədə başqa dünya ölkələrindən 700 dəfə azdır zəhərlənmə, deməli, bu işi biz yaxşı qurmuşuq”. Kökündən səhvdir, özləri özlərini aldadırlar. Statistika ayrıca olmalıdır”-deyə Eyyub Hüseynov bildirib.

Ekspertin fikrincə, qida zəhərlənməsinin qeydiyyatı məsələsi ölkədə ciddi problemdir. Bilinmir ki, bunu kim qeyd edir və hansı kriteriyalar nəzərə alınır.

“Baxmayaraq bu məsələni mən 600-ə qədər qida mütəxəssisini birləşdirən bir qrupun müzakirəsinə də vermişəm. Lakin heç kəs dinləmir. Görünür ki, elə "hamı" bu sahədə bisavaddır və biliksizdir. Yəni qidadan zəhərlənmələrin statistikası necə aparılmalıdır, hansı dövlət orqanı bunu etməlidir. Dövlət orqanları arasında kommunikasiya necə olmalıdır. Səhiyyə Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyinin hansı bir kommunikasiyası olmalıdır ki, bunlar bunu mükəmməl edə bilsin. Bizim statistika dünya ölkələrinə uyğunlaşmalıdır. Belə bir vəziyyətdə, əlbəttə ki, zəhərlənmələr çox olacaq, ölümlər davam edəcək.

Bəri başdan deyirəm, peyğəmbərlik də etmirəm. Deyəcəklər ki, “vətəndaşlar özləri nədənsə zəhərləniblər, günahkar özləridir". Və yaxud deyəcəklər ki, "sadəcə bir müəssisədə olub". Hansı ki, bu yaxınlarda Zaqatalada 40-a qədər adam müxtəlif yerlərdə zəhərləndi. Yığışdılar dedilər ki, bir dönərxanada olub. Bunların hamısı, kökündən səhvdir. Faktı gizlətməklə özümüzə arxayınlıq edə bilmərik.

Əlbəttə ki, riskli qidalar həmişə mövcuddur. Bütün dünya ölkələrində mövcuddur. Bura balıqlar və göbələklər də daxildir. Torpaqla təmasda olan bütün bitkilər daxildir”-deyə Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, riskli qidalar arasında göbələklər ön yerdə dayanır. Yağışdan sonra meşələrdə göbələklər çox olur və bundan da zəhərlənmə halı baş verir.

“Mən Ağstafada zəhərlənmənin nədən baş verdiyini bilmirəm. Ancaq son nəticədə Qida təhlükəsizliyi agentliyi mütləq deyəcək ki, “bizlik deyil, istehlakçı özü edib”. Bu səbəbdən də, insanlar bizim çağırışımıza qulaq asmalıdır. Əslində istehlakçı dövlət orqanlarına arxayın olmalıdır. İstədiyi qidanı "gözüyumulu" ala bilməlidir. İnsanlar özü özünü qorumaq üçün dəridən-qabıqdan çıxmalı deyil. Dövlət orqanı mövcuddur, onu təmin etməlidir. Bu, onların boynuna düşən vəzifədir. Lakin biz görürük ki, reallıq belə deyil. Çağırış edirik ki, “insanlar, özünüz özünüzü qoruyun, necə ki, cəngəlliklərdə insanlar özü özünü qoruyur”-deyə Eyyub Hüseynov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »