Yerli səyahətsevərlər bölgələrdə getdiyi yerlərdən videolar paylaşanda ən çox diqqətçəkən məqamlardan biri də tarixi abidələrin baxımsızlığı olur. Əsrlərin sınağından çıxmış qalalar dağılıb gedir. Türbələr, qədim məzarların yer aldığı qəbiristanlıqlar sıradan çıxır. Qubanın Buduq kəndi tarixdən silinir. Halbuki bu yaşayış məntəqəsi Qafqaz Albaniyasını görüb. Buradakı qədim məzarlar, evlər torpağa qarışır, amma hər hansı arxeoloji iş aparılmır.
Nəyi qoyub nəyi axtarırıq. Heç uzağa getməyək. Paytaxtın mərkəzində tarixi abidələrə qarşı müharibə açılıb. İçərişəhərdə, Sovetski, Kubinka adlanan yaşayış yerlərində tarixin yadigarı olan tikililər buldozerin qabağına verilib. "Tarix"ə qarşı çox amansız davranmışıq.
Bizimyol.info xəbər verir ki, dünyanın ən əhəmiyyətli tarixi nümunələrindən sayılan Ayasofyanın tam planı başa çatıb. Nadir abidənin, demək olar, hər santimetri skan edilib. Ayasofyanın rəqəmsal əkizləri yaradılıb. Hətta mümkün zəlzələ də bu abidənin tarixdən silinməsi anlamına gəlməyəcək. Rəqəmsal əkizlər sayəsində məscidin ilkin formasını bərpa etmək mümkün olacaq.
Necə gözəl nümunədir... Tarixin qayğısına qalmaq buna deyərlər. Ayasofya 537-ci ildən ayaqdadır. Dünya Mədəniyyət Mirasları siyahısında xüsusi yeri var. Hələ 1572-ci ildə Memar Sinan İstanbuldakı tarixi abidəni bərpa edib, gücləndirilməsinə nail olub. 1847-ci ildə Sultan Əbdülməcidin dövründə isveçrəli Fossati qardaşları burada geniş təmir işləri görüb.
Hanı bizdə belə nümunə? O "əjdaha"dan niyə bizdə yoxdur? Tarix gözümüzün qarşısında məhv edilir. Mədəniyyət Nazirliyində kiminsə ağlına gəlirmi ki, tarixi necə qorumaq olar? Nə görürük? Binaların aşınması, əcaib boyalanma, abidələrin iaşə obyektlərinin əsirinə çevrilməsi. İçərişəhərdə restoranlar qala divarlarına söykənir. Qədim küçələrlə gəzişəndə adamın ürəyi ağrıyır.
Bizdə heç zəlzələyə də ehtiyac yoxdur. Zəlzələsiz də tarixi abidələrin axırına çıxa bilirik. Paytaxt küçələrində qarşına turisti çıxanda bilmək olmur ki, onu hara yönləndirmək mümkündür. Tarix adına hər şey plansız tikinti-söküntü işlərinin qurbanına çevrilib.
Aytən, Bizimyol.info