2019-cu ilin dekabrından 2021-ci ilin mayına qədər ötən il yarım ərzində keçirilən əməliyyatlar nəticəsində 8 rayonun icra başçısı həbs olunmuşdu. Onların ən sonuncusu – 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədovun il yarımdan çox davam edən məhkəməsi başa çatıb. İyunun 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Bizimyol.info xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyilə çıxarılan hökmə əsasən, Alimpaşa Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib. O, 1.7 milyon manat rüşvət alma, 7 milyona yaxın mənimsəmə və başqa ittihamlarla təqsirli bilinib.
İttihama əsasən, icra başçısının göstərişiylə Şəmkirdə dövlətin balansında olan, milyonlarla dəyəri olan müəssisələr qəpik-quruşa onun oğlunun və başqa yaxın adamlarının adına keçirilib. Belə müəssisələr arasında “Abad Şəmkir”, “Çinarlı qəsəbə” və s. müəssisələrin adlarını çəkmək olar. “Abad Şəmkir” zavodu Alimpaşa Məmmədovun oğluna cəmi 180 manata satılıb.
“Çinarlı qəsəbə” MMC-nin satışı isə 40 manata rəsmiləşdirilib. Onu icra başçısının oğlunun şirkətinə satıblar.
Alimpaşa Məmmədov özünü təqsirli bilsə də, əldə olunan vəsaitləri rayonda abadlıq işlərinə, şəhid və qazi ailələrinə xərclədiyini, rayonda xeyli iş yerlərini açdıqlarını deyib. O, son sözündə 3 ildən çoxdur həbsdə olduğunu qeyd edərək, azadlığa buraxılmasını xahiş edib. Deyib ki, daim işləməyə alışıb, indi də gedib, Qarabağda quruculuq işlərinə töhfə vermək istəyir.
Alimpaşa Məmmədov 2014-2021-ci illərdə Şəmkirin icra başçısı olub. Bundan əvvəl isə o, vergi sistemində çalışıb.
2019-cu ildə həbs olunan icra başçılarından Nizaməddin Quliyev (Ağstafa) həbsdə koronavirusdan vəfat edib. Yevlaxın sabiq icra başçısı Qoca Səmədov isə xəstəliyi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılsa da, az sonra dünyasını dəyişib.
Aytən, Bizimyol.info