Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Geriyə addımla, marş!"... Xaricə getmək istəyən "borclu" vətəndaşı sərhəddə "acı" sürpriz gözləyir
"Geriyə addımla, marş!"... Xaricə getmək istəyən "borclu" vətəndaşı sərhəddə "acı" sürpriz gözləyir
Ölkə xaricinə çıxmaq istəyən vətəndaşlar cərimələrini və ya bank ödənişlərini ödəməmiş ölkədən xaricə buraxılmırlar. Bunu öncədən bilet alıb, daha sonra cəriməsi və ya banka kredit borcu olduğuna görə geri qaytarılan bir çox vətəndaş qeyd edir. Məbləğin isə önəmi yoxdur. Tutaq ki, piyada keçidindən düzgün istifadə etmədiyinizə görə sizə 30 manat cərimə protokolu tərtib edildi və ya pandemiya dövründən qalan yüz manatlıq "maska" cəzanız varsa, aldığınız avia və ya avtobus biletinin keçərsiz olma ehtimalı əlli faizin üzərindədir. O baxımdan, yaxşı olar ki, xaricə getmək istəyən vətəndaşlar məhdudiyyətlərinin olub-olmamasını öncədən yoxlasınlar.

Yaxşı, bəs bu haqda məlumatı hansı qurum verməlidir? Maraqlıdır ki, burada da prosedur olduqca mürəkkəbləşdirilib. Bir neçə il öncə bu haqda Ədliyyə Nazirliyinin müvafiq portalına şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və tələb olunan digər məlumatları qeyd edərək, ölkə xaricinə çıxmağa məhdudiyyət var, ya yox, öyrənmək olurdu. İndi qurumun saytında o sistem demək olar ki, işləmir. Vətəndaşlar Daxili İşlər Nazirliyinin müvafiq saytına yönəlib, cərimə borcları haqqında məlumat əldə etmək istəyirlər. Ancaq bu platformada çıxan məlumatlarla "asanlogin" adlı ASAN Xidmətə məxsus şəxsi məlumatların yerləşdiyi saytdakı məlumatlar çox vaxt üst-üstə düşmür. Məsələn, polisin saytında yazılır ki, "Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır". Ancaq siz gərək bu məlumatla kifayətlənməyəsiniz. Hər bir ehtimala qarşı dörd-beş qurumun da portalını "nə olar, nə olmaz" deyib, yoxlayasınız. İndi həmin məsələ barədə "asanlogin" portalında "cərimələr" bölməsinə baxsanız, burada "borc"larınızla "tanış" ola bilərsiniz.

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidməti, ASAN Xidmət... Siyahı hər il get-gedə uzanır. Xaricə getmək niyyətiniz olsa, bu qurumların hər birində öz məlumatlarınızı gərək ayrı-ayrı yoxlayasınız ki, problem və ya məhdudiyyət olmadığını biləsiniz. Ancaq bu da kifayət etmir. Ordakı məlumatlara güvənmək yetərli olmur. Əsassız səbəblərdən məhdudiyyət də qoyula bilir. Dərd də orasındadır ki, bu məhdudiyyəti siz bilet alan zaman yox, təyyarə və ya avtobusa minən zaman öyrənə bilirsiniz.

Məsələni daha asan yolla insanlara izah etməyin - necə deyərlər - "sözü üzə deməyin" konkret yolları da var. Məsələn, Türkmənistanda olduğu kimi. Türkmənistanda əgər türkmən vətəndaş xaricə getmək istəyirsə, öz yerinə kimisə zamin və ya girov qoyur. Daha bizim ölkədəki kimi dörd-beş dövlət qurumunun rəsmi məlumat portallarında sürünməli olmur.

Ardı var...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »