Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın regionlarında yerləşən ən dəyərli "canlı" sərvəti milli parklar yolunuzu gözləyir - Video
Azərbaycanın regionlarında yerləşən ən dəyərli "canlı" sərvəti milli parklar yolunuzu gözləyir - Video

İyunun 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dənizkənarı Milli Parkda "Azərbaycanın Milli Parklarının tanıtımı" adlı sərgisi keçirildi.

10 milli parkın tanıtım stendi önündə dayanan park rəhbərləri və əməkdaşları sərgi ziyarətçilərinə milli parklar haqqında ətraflı məlumat verirdilər.

Bizimyol.info xəbər portalının əməkdaşları da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi tədbirdə iştirak edib, milli parkların rəhbər və səlahiyyətli nümayəndələrindən milli parkların fəaliyyəti və gələcək planları barədə detallı informasiya əldə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dənizkənarı Milli Parkda ölkə ərazisində yerləşən 10 milli parkın tanıtımı ilə bağlı tədbir informativ formatda həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva / Foto: İradə Cəlil, Bizimyol.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Babayeva / Foto: İradə Cəlil, Bizimyol.info

“Tədbirin əsas mahiyyəti insanlarda təbiətə qarşı sevgi oyatmaq, ölkəmizin təbiəti ilə bütün ziyarətçiləri tanış etməkdən ibarətdir.

Bilirsiniz ki, milli parklar ümumiyyətlə nəsli kəsilməkdə olan fauna-flora növlərinin mühafizəsi məqsədi ilə yaradılmış idarələrdir. Təbii ki, insanlar milli parkları ziyarət etdiyi vaxt təbiətdə olan müxtəlif canlı növləri ilə tanış olurlar. Beləliklə, təbiətdəki canlı növlərinin necə

əhəmiyyətli olması da diqqət mərkəzində yer tutur. Eyni zamanda canlı varlıqların qorunması və gələcək nəsillərə çatdırılması üçün belə tədbirlər çox mühüm əhəmiyyətə malikdir”- deyə Arzu Babayeva bildirib.

Xidmətin rəis müavini xatırladıb ki, ölkəmizdə milli parklar ilk olaraq, 2003-cü ildə yaranmağa başlayıb.

Arzu Babayeva vurğulayıb ki, keçmişlə müqayisədə bu gün artıq vətəndaşlarda milli parklara dair kifayət qədər məlumat var. İnsanlar milli parkların yerləşdiyi ərazini bilirlər və təbiət qoynunda istirahət üçün milli parkları seçirlər.

İndi gördüklərimizdən danışaq...

Öncə Qızılağac Milli Parkının stendinə yaxınlaşırıq. Ötən il Bizimyol.info xəbər portalının əməkdaşları Qızılağac Milli Parkından xüsusi reportaj hazırlamışdı. Odur ki, Milli Park haqqında kifayət qədər məlumatlıyıq.

Qeyd edək ki, ötən il hazırlanan xüsusi reportaja aşağıdakı keçiddən daxil ola bilərsiniz:

Qızılağac Milli Parkı

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkı 26 sentyabr 2018-ci ildə yaranıb. Park Lənkəran, Masallı və Neftçala rayonları ərazilərində 99060,0 ha ərazini əhatə edir.

Milli Parkın əsas fauna növləri: su-bataqlıq quşları - qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, turac, soltanquşu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları, digər fauna növləri - canavar, çöl donuzu, tülkü, qamışlıq pişiyi və digər canlılardır.

Milli Park saat 09:00-dan-18:00-dək işləyir.

Milli Parkda canavar, tülkü, çaqqal, çöl donuzu, qunduz, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi,buzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır.

Qızılağac Milli Parkının direktoru Aqil Sucayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün doğrudan da əlamətdar bir gündür.

Qızılağac Milli Parkının direktoru Aqil Sucayev / Foto: İradə Cəlil, Bizimyol.info Qızılağac Milli Parkının direktoru Aqil Sucayev / Foto: İradə Cəlil, Bizimyol.info

“Bu gün Azərbaycan Respublikasının ərazisində yerləşən milli parkların tanıtımı üçün sərgi keçirilir. Bakı şəhərindəki Dənizkənarı Milli Parkda keçirilən bu tədbirdə 10 milli park olaraq, Azərbaycanın milli parklarını təmsil edirik. Təmsil etdiyimiz stenddə park haqqında ətraflı məlumat verilir. Eyni zamanda burada Azərbaycan Respublikasının "Qırmızı Kitabları"nın nəşrləri, bütün mühafizə olunan təbiət ərazilərinə aid kitablar, Qızılağac Milli Parkının təbiəti barədə broşürlər və Azərbaycanın milli parklarını təmsil edən kitablar nümayiş etdirilir. Kitablar  Azərbaycan və müxtəlif xarici dillərdə çap olunub. Azərbaycanın bütün milli parklarında xüsusi mühafizə olunan təbiət ərazisi kimi bir qolu da təbiət ərazilərinin turizm sahəsidir”-deyə Aqil Sucayev qeyd edib.

Qızılağac Milli Parkının direktoru bildirib ki, bu gün bütün milli parklarda turistlərin gəlişi təmin edilir: "Turistlər hansı ölkədə yaşamasından asılı olmayaraq, onlayn qaydada bilet əldə edə bilirlər. Eyni zamanda ziyarətçilər milli parkın giriş qapısında da biletlərlə təmin olunurlar".

Aqil Sucayevin sözlərinə görə, milli parklara gələn turist sayı ilbəil artır.

“Bizim təmsil etdiyimiz Qızılağac Milli Parkına gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur”-deyə milli parkın direktoru əlavə edib.

Ötən il mövsümlə bağlı hava şəraitinin yaratdığı müxtəlif maneələr səbəbindən Göygöy Milli Parkına Bizimyol.info xəbər portalı olaraq səfərimiz baş tutmasa da, milli parkın direktoru Fuad Quliyevə bildirdik ki, yaxın zamanlarda milli parkı ziyarət edəcəyik və portalımızın izləyiciləri üçün maraqlı reportaj hazırlayacağıq.

Göygöl Milli Parkı

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkı 1 aprel 2008-ci il yaradılıb. Ərazisi 12 755 hektardır.

Burada tozağacı, göyrüş, ağcaqayın, cökə, şam, zoğal, zirinc, itburnu, əzgil, zəngçiçəyi, çobanyastığı və s. bitkilərə rast gəlinir.

Eyni zamanda milli parkda "Qırmızı kitab"a daxil olan növlər, bezoar keçisi, nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrası, cırtdan qartal, Kox şamı, küyarpaq püstə və s. canlılara rast gəlmək mümkündür.

Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq deməsi, gəlincik,badi kirpi, tülkü və s. heyvanlar mövvuddur.

Quş növlərindən; bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kəskəs, leşyeyən, iriyapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. növləri geniş yayılıb.

Göygöl Milli Parkının direktoru Fuad Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Dənizkənarı Milli Parkda Azərbaycanın paytaxtdan uzaqdakı bölgələrində yerləşən milli parklarının tanıtımı keçirilir.

Göygöl Milli Parkının direktoru Fuad Quliyev / Foto: İradə Cəlil, Bizimyol.info Göygöl Milli Parkının direktoru Fuad Quliyev / Foto: İradə Cəlil, Bizimyol.info

“Göygöl Milli Parkı demək olar ki, Azərbaycanda ən çox turist qəbul bir edən məkandır. Hazırda Göygöl Milli Parkının ekoturizm marşurut xəritəsini görürük. Müxtəlif məqamlarda çəkilmiş şəkillər var.

Azərbaycanın milli parklarının da sərgiləndiyi "Azərbaycan təbiəti" adlı kitabımızı görürük. Bu kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi tərtibatla çap edilmiş çox gözəl bir kitabdır.

Göygöl Milli Parkının yeni nəşrdən çıxmış "Göygöl Milli Parkının Dendroflorası" adlı kitabımızın təqdimatı var. Burada əsas bu günləri məqsədimiz ekoturizmin təbliğidir”-deyən Parkın direktoru bildirib ki, Azərbaycanda il ərzində 300 minə yaxın turist qəbul edən Göygöl milli parkında hazırda yay mövsümü ilə əlaqədar olaraq, turistlərin gəlişində ciddi artım müşahidə olunur.

“Fürsətdən istifadə edərək vətəndaşlarımızı məlumatlandırırıq ki, bu isti yay günlərində Göygöl Milli Parkını ziyarət etsinlər. Milli parkın səfalı yerlərində istirahət etmək üçün geniş imkanlar var. Parkımızda yerləşən özəl bulaqlardan su içsinlər, dağlıq ərazilərdə yerləşən Göygöl və Maralgöldən fərqli olan bütün ekoturizm marşurutlarından istifadə etsinlər. Kəpəz dağına, Qara gölə və Duzlu gölə səyahətlər etsinlər”-deyə Fuad Quliyev əlavə edib.

Göygöl Milli Parkının direktoru vurğulayıb ki, Göygöl Milli Parkı həm də elmi tədqiqat mərkəzidir. Burada elmi işçilərin tədqiqatlar aparması üçün gözəl şərait var: "Milli parkın fauna-flora aləmi olduqca zəngindir. 423-dən çox bitki növü olan milli parkda 100 adda dərman bitkisi müəyyən ediliv və gələcəkdə onlardan da istifadə edilməsi nəzərdə tutulub. Bundan əlavə turizm istiqamətində bir neçə yeniliklərin də olacağı gözlənilir".

Abşeron Milli Parkında dəfələrlə olmuşuq. Hətta keçən il Bizimyol.info xəbər portalına özəl milli parkdan bir neçə maraqlı reportaj da hazırlamışdıq. Milli parkın direktoru Etibar İbrahimov həm gözəl insan, həm də məsul olduğu milli parkla yaxından maraqlanan bir rəhbərdir.

Qeyd edək ki, ötən il hazırlanan xüsusi reportaja aşağıdakı keçiddən daxil ola bilərsiniz:

Abşeron Milli Parkı

Abşeron Milli Parkı 8 fevral 2005-ci ildə yaradılıb. Ərazisi 783 hektardır. Burada yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış və s. bitkilərə rast gəlmək mümkündür. Milli parkda “Qırmızı Kitab”a daxil olan növlər, Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc və s. adını çəkmək olar. Bakı xəritəsində yer alan məşhur “qartalın dimdiyi” - Şah Dili, Abşeron Milli Parkındadır.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, milli parka məxsus stenddə Abşeron Milli Parkının ən unikal yüksəkliyinin fotosu yer alıb.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov / Foto: İradə Cəlil, Bizimyol.info Abşeron Milli Parkının direktoru Etibar İbrahimov / Foto: İradə Cəlil, Bizimyol.info

“Abşeron Milli Parkının simvoluna çevrilmiş flaminqoların şəkilinə baxa bilərsiniz. Xəritə, parkın ümumi fauna flora növlərini və yerləşmə məkanlarını göstərən xəritədir. Bu, parkın ümumi Azərbaycan xəritəsi fonunda daxili yol sistemidir. Necə getmək olar və hansı istiqamətdə olduğu qeyd olunub.

Yaxın tarixlərdə parkın ərazisində "ən uc" nöqtədə "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə vermək məqsədilə Abşeron Milli Parkının dəstəyi, Azərbaycan Gənc Rəssamlar Birliyi (AGRB) və "RAN Art studio"nun təşkilatçılığı ilə gənc fırça ustalarının "Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu baş tutmuşdu. Bu rəsmlər, orada çəkilən rəsmlərdəndir. Bunu həvəskar gənc rəssamlarımız çəkib. Eyni zamanda burada monitorda parkımızın videolarını göstəririk”-deyə Abşeron Milli Parkının direktoru qeyd edib.

Etibar İbrahimov əlavə edib ki, Abşeron Milli Parkında ziyarətçiləri müxtəlif turlarla yanaşı, paratraykla uçuş, qayıq gəzintisi və s. əyləncəli fəaliyyətlər gözləyir.

Son olaraq, Şirvan Milli Parkının stendinə yaxınlaşdıq. Şirvan Milli Parkında da dəfələrlə olmuşuq və portalımız üçün xüsusi reportaj hazırlamışıq. Milli Parkın direktoru Seymur Kərimov bizi milli parkı yenidən ziyarətə dəvət etdi və milli park haqqında ətraflı məlumat verdi.

Qeyd edək ki, ötən il hazırlanan xüsusi reportaja aşağıdakı keçiddən daxil ola bilərsiniz:

Zəngin təbiəti ilə göz qamaşdıran Şirvan Milli Parkından video reportaj - https://www.bizimyol.info/az/news/466205.html

Qızılqaz gölü, batmış şəhər, köçəri quşlar... Şirvan Milli Parkından video reportaj - https://www.bizimyol.info/az/news/466402.html

Şirvan Milli Parkı

Şirvan Milli Parkı 5 iyul 2003-cü ildə yaradılıb. Milli parkın ərazisi 54374,5 hektardır. Milli parkda iydə, Xəzər sarıbaşı, Xəzər şahsevdisi və s. növlərə rast gəlmək mümkündür. Eyni zamanda su-bataqlıq quşları (cüllütkimilər, qazkimilər, qızılqazlar), canavar, çaqqal, dovşan, ərəb dovşanı və ilanlar bu milli parkın canlı "sakin"ləri arasındadır. “Qırmızı kitab”a daxil olan növlərdən ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s. heyvanlara da rast gəlmək mümkündür.

Şirvan Milli Parkının direktoru Seymur Kərimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, paytaxt Bakıda milli parkların sərgisi ilə bağlı tədbirin keçirilməsində əsas məqsəd milli parkların ictimaiyyətə daha ətraflı və doğru mənbə tərəfindən tanıdılmasıdır.

Şirvan Milli Parkının direktoru Seymur Kərimov / Foto: İradə Cəlil, Bizimyol.info Şirvan Milli Parkının direktoru Seymur Kərimov / Foto: İradə Cəlil, Bizimyol.info

“Şirvan Milli Parkının favoriti ceyranlardır. Milli parkın ekosistemi çox zəngindir. Milli parkda safari turları, veloturlar və digər yeni turlar var. Hazırda ceyranları müşahidə məntəqəsi hazırlamışıq. Şirvan Milli Parkına gələn turistlər 3-5 metr məsafədən ceyranları rahatlıqla müşahidə edə bilir”-deyə Seymur Kərimov bildirib.

P.S. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də tədbirə baş çəkdi. Bir-bir stendlərə yaxınlaşan nazir, milli parkların rəhbərləri ilə görüşdü və təqdim olunan materiallara baxış keçirdi. Bir müşahidəçi jurnalist kimi deyə bilərəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi tədbirlər hər zaman əhatəli və məlumatlandırıcı xarakterə malik olur. Nazirlə yanaşı, nazirliyin digər yüksək rütbəli məmurları da jurnalistlərlə təmasdan çəkinmir. Bu da fəaliyyətin şəffaflığından xəbər verir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »