Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşağının ardınca üzən 150 kq çəkili ananı sahilə çatdırana kimi ölümlə mübarizə apardıq" - Video
"Uşağının ardınca üzən 150 kq çəkili ananı sahilə çatdırana kimi ölümlə mübarizə apardıq" - Video

"Biz dənizdə çətinliklə üzləşənlərə öz ailə üzvlərimizdən biri kimi yaxınlaşırıq. Qeyri-çimərlik ərazisində hadisələr baş verəndə bəzən biz vaxtında çata bilmirik. O halları görəndə insan o qədər pis olur ki, o qədər həyatdan küsürsən ki. Bax, bu hadisənin səbəbkarı sən özünsən. Gəlib belə bir yerdə, xilasedici olan yerlərdə çimsinlər.

Burada xilasedicilər var. Xilasedicinin heç biri gözünü 1 dəqiqə sudan çəkmir. Xilasedicinin bir gözü dənizdir. Biz kənara da baxa bilərik, amma bizim beynimiz bütün fikrimiz ordadır. Ona görə də vətəndaşlardan və hamıdan xahişim odur ki, xilasedici olan yerdə istirahət edin. Yay fəsli 3 aydır. Götürəndə 90 gündür. 90 günə həyatınıza son qoymayın. Harada xilasedici varsa, orada rahatlıqla istirahətinizi edin".

Bu barədə Bizimyol.info xəbər portalına Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov danışıb. Dalğıc, dənizdə yaşadığı hadisələrdən də söz açıb.

Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov / Foto: İradə Cəlil, Bizimyol.info Pirşağı Sularda Xilasetmə məntəqəsinin dalğıcı, baş çavuş Hicrəddin Cəfərov / Foto: İradə Cəlil, Bizimyol.info

“Bir dəfə bir ana öz uşağı ilə dənizdə çimirdi. Uşaq yavaş-yavaş aralaşdı. Sonra uşağı su apardı. Ana da yerində dayanmadı. Uşağın arxasınca getmək istədi, amma batmağa başladı. Ananın da çəkisi hədindən artıq çox idi. 150 kiloya yaxın çəkisi var idi. Çatdım, yaxınlaşdım anaya. Dalğalı hava var idi. Dalğa sənin üstündən keçəndə sahilə baxıb ürəyində deyirsən ki, “ay Allah, bircə ayağım o quma dəysin. Bircə gedim, o quma salamat çatım”. Amma özün tək deyilsən, sənin özün də bir insanı götürmüsən. Uşağı digər xilasedicilər kənara çıxardılar. Ana ilə qalmışdım suda. Onu da çox çətinliklə sahilə gətirdim, çıxardım sudan”-deyə dalğıc qeyd edib.

Baş çavuş Hicrəddin Cəfərov, vətəndaşların təhlükəsizliyi üçün bir vacib məqama toxunub.

“Bizim vətəndaşlardan bir dənə də xahişimiz var. Xahiş edirik ki, çimərliyə gələn zaman öz avtomobillərinizlə gəldikdə dənizin kənarında lazımsız sürətlə təhlükə yaratmasınlar. Qocalar, yaşlılar, özünü quma basdırıb istirahət edənlər olur. Quma özünü basdıranda görünmür. Avtomobil də yüksək sürətlə istədiyi qaydada dənizin kənarında hərəkət edir. Bu cür davranışlar etməsinlər. Hər kəs öz evi kimi öz ailəsi kimi yanaşsın. Qarşısındakını da öz ailəsi kimi görsün”-deyə dalğıc qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »