Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri Koreya Respublikası ilə sərhəddə hərbsizləşdirilmiş zonada istehkamlar və ya uzun divar tikmək üzərində işləyirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
“Son vaxtlar Şimali Koreya hərbçiləri demilitarizasiya zonası daxilində hərbi demarkasiya xətti ilə şimal demarkasiya xətti arasında bir sıra ərazilərdə divarlar tikir, qazıntı işləri apatır və yollar tikir”, - deyə agentliyin həmsöhbəti bildirib. Yonhap bu tikinti işlərinin mahiyyətinin aydın olmadığını vurğulayır.
Ola bilsin ki, Şimali Koreya son nəticədə demarkasiya xəttinin şimalında Berlin divarının analoqunu tikməyi planlaşdırır. Koreyalararası sərhəd 248 km-dir. Eyni zamanda belə çıxa bilər ki, xalq cümhuriyyəti yalnız öz forpostlarını və dayaqlarını gücləndirir. Agentlik bildirir ki, əlavə təhlil tələb olunur.
Demilitarizasiya zonasında Koreya Xalq Ordusunun irəli mühafizə postları arasında tikanlı məftilli hasarlar var. Agentlik əlavə edir ki, Xalq Cümhuriyyətinin hərbçiləri onları gücləndirir.
İyunun 9-da əllərində bel və kürəklər olan bir qrup Şimali Koreya əsgəri təsadüfən qısa müddətdə hərbi demarkasiya xəttini keçib və xəbərdarlıq atəşi açıldıqdan sonra öz ərazilərinə qayıdıb. Seul qeyd edib ki, qrupun yalnız bir hissəsi silahlı olub. Cənubi Koreyalı ekspertlər hadisənin tikinti layihəsi ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Yanvarın 15-də Ali Xalq Məclisinin sessiyasında çıxış edən Şimali Koreya lideri Kim Çen In deyib ki, “Şimal və Cənub arasında sərhəddən keçən bütün rabitə kanallarını bağlamaq” üçün addım-addım tədbirlər görmək lazımdır. Xüsusilə, Seul və Sinuiju birləşdirən dəmir yolunun "fiziki məhv edilməsini" əmr edib. Eyni zamanda o, Koreya Respublikası və KXDR-i “iki düşmən dövlət” adlandırıb. İyunun əvvəlində Cənubi Koreyanın “Tona İlbo” qəzeti kəşfiyyatdakı mənbəyə istinadən xəbər verir ki, Xalq Respublikası ölkənin cənub-şərqində Koreya Respublikası ilə sərhədə yaxın ərazidə dəmiryol şpallarını sökməyə başlayıb.
Qadir, Bizimyol.info