Belarus Şanxay Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra Avrasiya təhlükəsizliyi, separatizm, ekstremizm və terrorizmlə mübarizə məsələlərində əməkdaşlığa əməli töhfə vermək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Tezliklə Belarus Respublikası ŞƏT-in 10-cu üzvü olacaq. Biz Avrasiyanın təhlükəsizliyi, davamlı inkişaf, nəqliyyat əlaqəsi, maliyyə mexanizmləri, sənaye əməkdaşlığı, humanitar təmaslar, eləcə də üç şər qüvvəyə - separatizm, ekstremizm və terrorizmə qarşı mübarizə məsələləri üzrə əməkdaşlığa əməli töhfə verməyə qətiyyətlə sadiqik”, - deyə Lukaşenkonun ŞƏT-in yaranmasının 23-cü ildönümü münasibətilə təşkilatın baş katibi Çjan Minə göndərdiyi təbrik məktubunda deyilir.
Belarus prezidenti qeyd edib ki, bu günə qədər ŞƏT unikal, vahid “Şanxay ailəsi” yaratmağa və onun strateji müstəqilliyini təmin etməyə nail olub. “Bu gün o, formalaşmaqda olan çoxqütblü dünyanın ən nüfuzlu strukturlarından biridir, siyasi, iqtisadi və humanitar ölçülərdə bərabərhüquqlu tərəfdaşlıq üçün effektiv platformadır”, - deyən Lukaşenko bildirib ki, ŞƏT katibliyinin təşkilata daxil olma yolunda Belarus tərəfinə göstərdiyi sistemli dəstəyə görə təşəkkür edir.
Minsk üzvləri Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan olan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üçün zəruri olan prosedurları başa çatdırıb. Minskin ŞƏT-ə tamhüquqlu üzvlüyünün rəsmiləşdirilməsinin təşkilatın iyulun 4-də Astanada keçiriləcək sammitində baş tutacağı gözlənilir.
Qadir, Bizimyol.info