Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ananın "dünya"sı - "Son zəng" səsi ilə həyatındakı yeni mərhələyə ilk addımın uğurlu olsun...
Bir ananın "dünya"sı - "Son zəng" səsi ilə həyatındakı yeni mərhələyə ilk addımın uğurlu olsun...

Bu gün "Son zəng" günü idi. Böyük oğlum məzun oldu. Əslində redaktoruma demişdim ki, “Son zəng” tədbirindən reportaj edəcəyəm. Amma mən öncə oğlumdan yazmaq istəyirəm...

İlkim...Elə adını da İlkin qoymaq istəmişdim, amma həkimlər dedi ki, yaşaması möcüzədir. 2007-ci ildə 22 gün OMD adlanan xəstəxanada yatdıqdan sonra dedilər ki, “götür uşağını, evə apar, yaşayar-yaşayamaz, Allaha qalıb”. Uşağı götürüb evə qayıtdım. 4 ay körpəmi qucağımdan, sözün əsl mənasında yerə qoymadım. Özümə baxmağı, qadın olduğumu da unutmuşdum. Mən ana idim və körpəmi yaşada bilmək üçün əlimdən gələn hər şeyi etməyə hazır idim. Adını İlkin qoymuşdum dedim. Yaşadığım kənddə yaşlı qadınlar dedi ki, “belə bir adət var, uşağın adını dəyişəndə xəstə uşaqlar sağalır”. Uşağımın sağalması üçün olan-olmayan hər şeyə hazır idim. Adını dəyişdirdik, yeni adını "Əli" deyə qəbul etdik. Bu vaxt da qaynanam dedi ki, “bizdə Əli adı çoxdur, ayıbdır və s”... Adını "Heydərəli" yazdırdıq...

Heydər mənim dostum oldu, sirdaşım oldu... Yeri gəldi atam oldu, qardaşım oldu. Gün oldu məsləhət verənim, gün oldu gözyaşımı silənim oldu. Bu gün oğlum məzun olur. Uzun bir müddət Azərbaycandan və Azərbaycan təhsilindən uzaq qalsa da, təhsil aldığı Nərimanov rayonu Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova tərəfindən fəxri fərmanla təltif olunan uşaqlardan biri oldu.

"Onbirinci"lərə fikir verirəm. Gözəl gənclik yetişir. Ağıllı, tərbiyəli. Uşaqlar da zaman keçdikdə dəyişir. Onlar bizdən daha yaradıcı, daha romantik olurlar. Seçdikləri musiqi, rəqslər, davranışları... Bizim gənclik çox parlaq görünür.

Bizi "olmaz"larla böyütmüşdülər. Adığımız hər addımda “görəsən, səhv eləmirəm?” deyə düşünüb, ardıcıl səhvlər edərdik. Mən oğullarımla dost olmağı bacarmışam, hər addımlarında məsləhətləşməyi öyrətmişəm. Görürəm ki, səhv də etməmişəm. Oğlum qısa müddət təhsil aldğı məktəbdə hamının sevimlisinə çevrilib. Hətta onun nümunəvi davranışlarına görə, müəllimlərdən təşəkkür də aldım...

212 saylı orta məktəbin məzunu Heydərəli Əlizadə / Foto: İradə Cəlil, Bizimyol.info 212 saylı orta məktəbin məzunu Heydərəli Əlizadə / Foto: İradə Cəlil, Bizimyol.info

212 saylı məktəbdə əvvəlki illərdə “son zəng” günü necə keçirilib, deyə bilmərəm. Bu il keçirilən “son zəng” maraqlı və qaydalar çərçivəsində idi. Nə uşaqlara qadağalar qoyulmadı, nə də çərçivədən çıxmalarına icazə verilmədi. Öncədən planlaşdırıldığı kimi rəqslər, mahnılar ifa edildi. Sonda da əylənmək üçün uşaqlara yarım saat vaxt verildi.

Yadıma gəlir, öz son zəngim. Məktəbin idman zalında keçirilmişdi. Şeirlər dedik, mahnı oxuduq, oynadıq, ağladıq, qayıtdıq evə...

Bir şeir yazmışdıım, bir neçə bənddən ibarət idi. Amma bir bəndini xatırlayıram:

"Bir azdan, bir azdan zəng çalınacaq.

Bu zəng ürəyimdə son zəng olacaq,

Dönüb xatirəyə qəlbdə qalacaq,

Uşaqlıq illərim, o xoş günlərim..."

Canım oğlum, şükür ki, böyüdün. Artıq həyata ilk addımlarını atırsan. Hər zaman addım atanda öncə düşün, sonra qərar ver. Ətrafındakıları, xüsusən də qadınları incitmə, üzmə, yalan danışma, boş vədlərlə ümid vermə, aldatma, satma, aşağılama...

Həyatı axarına burax. İnan ki, oğlum, hər şey axarına buraxıldığı zaman gözəl olur. Həyatda məcburiyyətlə, kiminsə haqqına girməklə, kimisə aşağılamaqla heç nə əldə edə bilməzsən. Əldə etdiklərin belə halalın olmaz. Dürüst ol, itirsən də dürüstlükdən itir. Əslində bu itki belə sənə doğru yolda qalmağın üçün güc qazandıracaq...

Sənə qarşı olanlar, səni çəkə bilməyənlər, paxıllıq edənlər olacaq. Sən heç kimə fikir vermədən öz yolunla addımla. Və inan ki, uğur səninlə olacaq...

Bir də Allahı unutma. Bir gün mən olmasam belə, bizi yaradan Tanrı səni tək buraxmayacaq...

Oğlum, sən mənim ümidlərimsən, sevgimsən, nəfəsimsən. Yaxşı ki, dünyamdasan...

“Son zəng”in həyatının ilk uğurlarının "səsləniş"i olsun. Hər zaman ağlınla öndə ol. Unutma ki, hər zaman sevənlərin sənin yanındadır. Və ürəkdən sevilirsən...

İradə Cəlil, bütün analardan oğullarına sevgi ilə...

Son xəbərlər
Bütün xəbərlər »