Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz ərazilərə getməkdən çəkinməliyik" - Video
"Çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz ərazilərə getməkdən çəkinməliyik" - Video

Çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür. Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin, monitorinqlər zamanı, çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilib. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində aidiyyəti icra hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə müşavirələr keçirilib və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılıb.

Bu barədə Bizimyol.info xəbər portalına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili danışıb. Mayor qeyd edib ki, bununla yanaşı Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 (altı) ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılmış, sualtı təmizləmə işləri görülmüşdür.

Aqşin Əlili Aqşin Əlili

“Hazırda dənizdə üzmək üçün sərhədləri müəyyən edən nişanların və çimərliklərdə vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələrin quraşdırılması işləri davam edir. Eyni zamanda Xidmətin balansında olan xilasetmə texnika və vasitələrin, həmçinin dalğıc-xilasetmə əməliyyatlarının icrası üçün nəzərdə tutulmuş avadanlıqların işlək vəziyyətə gətirilməsi tədbirləri həyata keçirilir.

Onu da qeyd edirəm ki, İyun ayının 15-dən etibarən Xidmət çimərlik mövsümündə suda boğulma hallarının qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu da onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz (xilasedici, xilasetmə texnika və vasitələri olmayan çimərlik və ya su hövzəsi) su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa, bizim köməyimizə xilasedici gəlməlidir. Əgər çimərlikdə xilasedici yoxdursa demək ki, orada həyatımız təklükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.

Bəzən çimmək üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrində əsasən azyaşlı və uşaqların üzməsi halları müşahidə edilir. Nəzərə almaq lazımdır ki, bu tip su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır”-deyə Aqşin Əlili vurğulayıb ki, suda boğulmanın digər səbəbləri küləkli və dalğalı hava şəraiti, sualtı yad cisimlərin (daş, qaya parçaları, dəmir-beton qalıqları) insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, panika (təşviş) və müxtəlif xəstəlikliklər səbəbindən (ürək damar və digər) boğulmaları misal göstərmək olar.

Çimərlikdə qadağandır...

- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- Küləkli havada dənizə girmək!

- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

- Suda kobud hərəkətlər etmək!

- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

- Çimərliyə ev heyvanlarını gətirmək!

- Çimərlikdə balıq tutmaq!

- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!

- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!

- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

- Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir!

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »